Səlim Müslümov aprel döyüşçüləri ilə görüşüb
11 yanvar 2017 14:31 (UTC +04:00)

Səlim Müslümov aprel döyüşçüləri ilə görüşüb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi nazirliyin Protez-Ortopedik Bərpa Mərkəzində ötən ilin aprel ayında cəbhənin təmas xəttində Ermənistanın silahlı təxribatının qarşısının alınması zamanı yaralanmış və bu Mərkəzdə reabilitasiya xidmətləri ilə təmin olunan hərbçilərlə görüşüb.

 

ƏƏSMN-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib ki, aprel döyüşləri prezident İlham Əliyevin rəhbərliyi ilə ordumuzun ölkənin işğal altında olan hissəsini qısa bir müddət ərzində işğaldan tam azad etməyə qadir olduğunu sübut edib. 

 

S.Müslümov deyib ki, dövlət başçısının tapşırığı əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aprel döyüşlərində qəhrəmancasına həlak olmuş hərbçilərin ailələri və bu döyüşlərdə əlil olmuş hərbçilərimizlə bağlı qanunvericilikdə nəzərdə tutulan qaydada sosial müdafiə tədbirlərini həyata keçirib.

Nazir həmin insanlar üçün əmək pensiyası, əmək münasibətləri, məşğulluq və s. sahələrdə bir sıra güzəşt və imtiyazların da müəyyən olunduğunu bildirib: “Bununla yanaşı, aprel döyüşlərində yaralanmış hərbçilərimizdən protez-ortopedik xidmətlərə ehtiyacı olan 15 nəfərə dayaq-hərəkət funksiyalarının bərpası üçün nazirliyin Protez-Ortopedik Bərpa Mərkəzində müvafiq xidmətlər göstərilib. Onlar ehtiyaclarına uyğun olaraq 2 ədəd əlil arabası, 10 ədəd aşağı ətraf protezi və daha 130 reabilitasiya vasitəsi (tutor, aşağı ətraf aparatları, bandaj, korset, ortopedik ayaqqabılar, dirsəkaltı və qoltuqaltı ağaclar, dördayaqlı dayaq vasitələri və s.) ilə təmin olunublar. Hazırda qeyd olunan hərbçilərin bir qismi ilə işlər davam etdirilir. Belə ki, onlardan bir nəfərin qabaqcıl Almaniya təcrübəsi əsasında hazırlanmış MYO protezlə (əzələdən ötürülən impulsla hərəkət etdirilə bilən protez vasitə) təmin edilməsi nəzərdə tutulur, digər bir hərbçi isə protezləşməyə hazırlıq mərhələsindədir”.

 

S.Müslümov aprel döyüşlərində yüksək vətənpərvərlik göstərmiş hərbçilərin sosial təminatı və reabilitasiyası, Vətənin müdafiəsi zamanı qəhrəmancasına həlak olan insanların ailələrinin sosial müdafiəsi yönündə işlərin qarşıdakı dövrdə də davam etdiriləcəyini, onların bundan sonra da daim diqqətdə saxlanacaqlarını vurğulayıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 284
avatar

Oxşar yazılar