Səhiyyə naziri Oqtay Şirəliyev "Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərindən icbari tibbi sığortanın tətbiqinə dair pilot layihənin həyata keçirilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan prezidentinin 2016-cı il 29 noyabr tarixli fərmanının icrası məqsədi ilə əmr imzalayıb.
Lent.az-ın məlumatına görə, əmrə əsasən Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tabeliyinə verilən qurumların balansında olan əmlak pilot layihə başa çatanadək Agentliyin istifadəsinə veriləcək.
Əmrdə qeyd edilib ki, pilot layihədə iştirak edən tibb müəssisələrinin adı, ünvanı, göstərdikləri tibbi xidmətlər, pilot layihədə iştirak edən tibb müəssisələrində işləyən həkimlər, orta tibb heyəti, texniki işçilər və xidmət heyəti barədə məlumatlar (onların iş yeri, vəzifəsi, ixtisası, sertifikasiya şəhadətnaməsinə dair məlumatlar göstərilməklə), pilot layihənin həyata keçirilməsi nəzərdə tutulan inzibati ərazilərdə səhiyyə sahəsində mövcud olan proqramları ilə əhatə olunan şəxslər barədə məlumatlar, şəxsin xəstəliyinin növü və dövlət proqramı ilə əhatə olunduğu müddət üzrə məlumatlara real vaxt rejimində çıxış imkanı yaradılması, bu mümkün olmadıqda həmin məlumatların 1 iş günü müddətində elektron daşıyıcılarla Agentliyə çatdırılması təmin olunsun.
Agentliyin təklifləri əsasında Agentliyin tabeliyinə verilən qurumların tibbi avadanlıqlarla təchiz olunması Agentliklə razılaşdırmaqla 2017-ci il I rübü, dövlət proqramları ilə əhatə olunan xəstəliklərlə əlaqədar dərman təchizatı, stasionar xəstələrin müalicəsində istifadə olunan dərman preparatları ilə 2017-ci ilin yanvar ayı üçün tələb olunan dərman preparatları ilə pilot layihə keçirilən tibb müəssisələri təmin ediləcək.