Rusiyalı professor: “UNEC-in təcrübəsindən yararlanmaq lazımdır”
06 fevral 2017 15:41 (UTC +04:00)

Rusiyalı professor: “UNEC-in təcrübəsindən yararlanmaq lazımdır”

Plexanov adına Rusiya İqtisad Universitetinin Təhsilin İnkişafı üzrə Elmi-Tədqiqat İnstitutunun direktoru, professor Yevgeniya Şubenkova UNEC-də olub.

Universitetin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, UNEC-də “Təhsilin sosial – iqtisadi inkişafda rolu” mövzusunda keçirilən beynəlxalq elmi-praktiki konfrans çərçivəsində Azərbaycana gələn xanım Şubenkova universitetin Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektoru Şahin Bayramov ilə görüşüb.

 

Universitetdə tətbiq olunan yenilikləri yüksək qiymətləndirən rusiyalı professor Y.Şubenkova Elektron Universitet Modeli, differensial əməkhaqqı sisteminin mükəmməlliyindən danışaraq qeyd edib ki,  Elektron universitet layihəsi çərçivəsində tətbiq olunan elektron jurnal, müəllim və tələbələrin şəxsi kabineti, elektron tribuna tədris prosesini daha da asanlaşdırır: “Sistem vasitəsilə tələbələr müəllimlərin reytinqini də müəyyənləşdirə bilir, eyni zamanda tədris prosesini qiymətləndirmək imkanı əldə edir. Bütün bunlar tədrisin keyfiyyətinin artırılmasına birbaşa təsir edən amillərdir. İmtahanların müasir texnologiyalarla, mərkəzləşdirilmiş qaydada aparılması da şəffaflıq və operativliyin təmin edilməsi baxımından əvəzsizdir.

Müəllimlərin stimullaşdırılması üçün UNEC-in məhsulu olan differensial əmək haqqı sistemi də öz unikallığı ilə seçilir. Fikrimcə, istər elmi, istər tədris fəaliyyətlərini, istərsə də özünüinkişafını artırmaları, təkmilləşdirmələri üçün müəllimləri stimullaşdıran daha mükəmməl sistem ola bilməz. Biz uzun müddətdir Plexanov adına Rusiya İqtisad Universitetində eyni sistemi qurmaq istəyirik. Gördüklərimdən sonra deyə bilərəm ki, bizim neçə illərdir etməyə çalışdıqlarımızı UNEC qısa bir müddətdə uğurla reallaşdırıb. Təhsilin keyfiyyətinə birbaşa təsir edən layihələrin belə operativliklə və müvəffəqiyyətlə tətbiq edilməsində UNEC-in təcrübəsindən yararlanmaq lazımdır”.

 

 

Azərbaycan barədə təəssüratlarını bölüşən qonaq ölkədə mövcud olan əmin-amanlıq və iqtisadi-siyasi sabitlik şəraitindən danışaraq bildirib ki, bir çox postsovet respublikaları hələ də XX əsrin sonlarının “yenidənqurma” fəsadlarından tam qurtulmadıqları halda, Heydər Əliyev Azərbaycanı tez bir zamanda bu fəsadlardan xilas etdi: “ Məncə, Azərbaycan xalqının bəxti gətirib ki, belə bir Lideri olub. Ümumiyyətlə, əminliklə deyə bilərəm ki, Lider sarıdan Azərbaycanın bəxti daima gətirir. Çünki hazırda İlham Əliyev atası Heydər Əliyevin siyasətini uğurla davam etdirir. Bakıda olduğum müddətdə müşahidələrim bunu deməyə əsas verir. Hava limanına endiyimiz andan etibarən qarşılaşdığımız abu-hava, yüksək xidmət mədəniyyəti, insanların gülərüzlüyü Azərbaycan haqqında yüksək təəssürat yaradır. Ölkəniz həqiqətən də çox gözəldir. Burada istər modern üslubda, istərsə də qədimilik baxımından möhtəşəm tikililər var. Alov qüllələri, Heydər Əliyev Mərkəzi, Xalça Muzeyi, Qız qalası, İçərişəhər, eləcə də UNEC-in binası müasirliklə qədimliyin sintezidir”.

                                       

Görüşdə Plexanov adına Rusiya İqtisad Universiteti ilə UNEC arasında əməkdaşlığın növbəti mərhələsi də müzakirə edilib. Qonaq fakültələr və bir sıra ixtisaslar üzrə tədris proqramlarının uzlaşdırılmasından sonra ikili diplomlar haqqında razılığın əldə olacağına əminliyini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 198
avatar

Oxşar yazılar