Nazirlər Kabineti “Azərbaycan Respublikasında rezidenturaya qəbul qaydaları”nı təsdiq edib.
Lent.az-ın məlumatına görə, bu qərara əsasən, "Azərbaycan Respublikasında rezidenturaya qəbul Qaydaları”nın təsdiq edilməsi haqqında” ləğv olunmuş Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının 2012-ci il 15 may tarixli 4 nömrəli qərarı ləğv edilsin.
Bu Qaydalar “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 26.4-cü və 26.6-cı maddələrinə əsasən hazırlanmışdır və həkim-mütəxəssislərin hazırlanması məqsədi ilə baza ali tibb təhsilli şəxslərin rezidenturaya qəbulu qaydalarını müəyyən edir.
Rezidenturaya qəbul olmaq hüququna Azərbaycan Respublikasında baza (əsas) ali tibb təhsili almış şəxslər və ya xarici ölkələrdə təhsil almış və ali tibb sahəsində müəyyən edilmiş qaydada ixtisası nostrifikasiya edilmiş şəxslər malikdirlər.
Rezidentura təhsili dövlət sifarişi (dövlət büdcəsinin vəsaiti hesabına) və ya ödənişli əsaslarla həyata keçirilir.
Rezidenturaya qəbul namizədlərin müvafiq tədris ilində biliyin qiymətləndirilməsi üzrə keçirilən imtahanda (qəbul imtahanında) əldə etdikləri nəticələrə əsasən Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (bundan sonra – Mərkəz) tərəfindən müsabiqə yolu ilə həyata keçirilir.
Rezidenturada təhsil alan rezidentlər rezidenturaya qəbul üçün müsabiqədə iştirak edə bilməzlər.
Müsabiqədə iştirak ödənişlidir.
Rezidenturaya qəbul üzrə müsabiqədə iştirak etmək üçün Azərbaycanda yerləşən ali təhsil müəssisələrini bitirmiş və ya cari tədris ilində bitirən bütün namizədlər Mərkəz tərəfindən müəyyən edilmiş müddətdə Mərkəzin rəsmi internet saytında “Namizədin elektron ərizəsi”ni dolduraraq özləri təsdiq etməlidirlər. Digər namizədlər müsabiqədə iştirak etmək üçün Mərkəz tərəfindən müəyyən edilmiş müddətdə Mərkəzin rəsmi internet saytında “Namizədin elektron ərizəsi”ni doldurmalı və aşağıdakı sənədlərin əslini Mərkəz tərəfindən yaradılmış Sənəd Qəbulu Komissiyalarına (bundan sonra – SQK) şəxsən təqdim etməklə ərizələrini təsdiq etdirməlidirlər:
Belə ki, Azərbaycan Respublikasının vətəndaşları şəxsiyyət vəsiqələrini, əcnəbilər pasportlarını və (və ya) icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər yaşadıqları ölkənin hüdudlarından kənara getmək üçün onlara verilən sənədləri və ya icazə vəsiqələrini, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini, qaçqın statusu almış şəxslər və onların ailə üzvləri qaçqın vəsiqələrini, onlara verilmiş yol sənədini, beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda digər sənədləri və ya icazə vəsiqələrini, baza ali tibb təhsili haqqında sənədi və ona əlavəni, xarici ölkələrdə ali təhsil almış şəxslər Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilən ixtisasın tanınmasının və ekvivalentliyinin müəyyən edilməsini təsdiq edən sənədləri, xarici ölkələrdə ali ixtisas təhsili almış, diplomdan sonra ixtisaslaşma keçmiş Azərbaycan Respublikasının vətəndaşları olan həkimlərə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən verilən “Tibbi və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması barədə şəhadətnamə”ni təqdim etməlidirlər.
Əcnəbilər və xarici ölkələrdə təhsil almış şəxslər isə bu Qaydaların 2.1-ci bəndində qeyd olunan sənədlərlə yanaşı, həmin sənədlərin notarial qaydada təsdiq edilmiş Azərbaycan dilinə tərcüməsini də SQK-ya təqdim edirlər.
Ərizələrin qəbulu zamanı dövlət sifarişi əsasında rezidentura təhsili almaq istəyən namizədlər rezidenturanı bitirdikdən sonra Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilən tibb müəssisələrində 3 (üç) il müddətində əmək fəaliyyəti ilə məşğul olacaqları barədə məlumatlandırılırlar. Bu namizədlər elektron ərizəni təsdiq etdikləri andan qeyd edilmiş öhdəliyə razılıq vermiş hesab olunurlar.
Baza ali tibb təhsili əsasında rezidenturaya qəbul imtahanı Mərkəz tərəfindən mərkəzləşdirilmiş qaydada iki mərhələdə keçiriləcək:
baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı;
ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı.
Qaydalarda o da qeyd edilib ki, baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının nəticələri Mərkəz tərəfindən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilən müsabiqə şərtini ödəyən namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılırlar.
Namizədin təhsil aldığı baza ali tibb təhsili istiqamətindən asılı olaraq, imtahan aparılan baza və ixtisas fənləri Mərkəz tərəfindən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilir.
İmtahanların məzmunu, forması, aparılması texnologiyası, davametmə müddəti, keçiriləcəyi yer və günlər Mərkəz tərəfindən müəyyənləşdirilir.
Qəbul imtahanlarında sağlamlıq imkanları məhdud şəxslərin iştirakının təmin edilməsi üçün Mərkəz tərəfindən əlverişli şərait yaradılır. Görmə qabiliyyəti olmayan (I qrup əlil) namizədlərə fərdi nəzarətçi təyin edilir və onlar üçün imtahanın davametmə müddəti 30 dəqiqə artırılır.
İxtisas seçiminə gəldikdə isə, rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının nəticələri elan olunduqdan sonra aparılır. İxtisas seçiminə baza və ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanlarından topladığı ümumi balı (ballarının cəmi) ilə yanaşı, ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından ayrılıqda topladığı balı da Mərkəz tərəfindən müəyyən edilən müsabiqə şərtlərinə uyğun olan namizədlər buraxılırlar.
Namizəd bitirdiyi baza ali tibb təhsili istiqamətinə müvafiq olan ixtisaslardan istəyinə uyğun olanlarını seçir, onları istədiyi ardıcıllıqla elektron ərizəsindəki ixtisas seçimi formasına daxil edir və təsdiqləyir.
Seçilmiş ixtisasların ərizə formasında göstərilən ardıcıllığı müsabiqə zamanı əsas kimi qəbul olunur və namizəd topladığı bala əsasən müsabiqədən keçdiyi ilk ixtisasa yerləşdirilir.
Bundan başqa, qaydalara əsasən, müsabiqə namizədlərin baza və ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanlarından topladıqları ümumi bal (balların cəmi) əsasında aparılır.
Namizədlərin yerləşdirilməsi onların öz ərizələrində qeyd etdikləri ixtisasların ardıcıllığı, dövlət sifarişi ilə qəbulun proqnozu nəzərə alınmaqla, ixtisaslar üzrə vakant yerlərin sayı çərçivəsində həyata keçirilir.
Müsabiqə zamanı ümumi balı eyni olan iki və daha çox namizədi bir-birindən fərqləndirmək üçün aşağıda qeyd edilən ardıcıllıqla əlavə göstəricilər nəzərə alınır:
baza ali tibb təhsili üzrə ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG);
ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından toplanılan bal.
Ümumi balı eyni olan iki və daha çox namizədi bir-birindən fərqləndirmək mümkün olmadıqda, onların hamısı müvafiq ixtisasa yerləşdirilir.
Müsabiqənin nəticələri elan olunduqdan sonra boş qalan yerlər elan edilir, namizədlər tərəfindən bu Qaydaların 4.1-ci və 4.2-ci bəndlərinə uyğun olaraq ixtisas seçimi həyata keçirilir və həmin yerlərə müsabiqə yolu ilə yerləşdirilmə aparılır.
Bildirilir ki, hər hansı bir ixtisasa yerləşdirilmiş namizəd tələb olunan sənədlərin əslini 10 gün müddətində qəbul olduğu tibb müəssisəsinin tabe olduğu mərkəzi icra hakimiyyəti orqanına şəxsən təqdim etməklə qeydiyyatdan keçməlidir. Namizədin bu müddətdə qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir. Bu namizədlər boş qalan yerlər üzrə keçirilən müsabiqəyə buraxılmırlar.
Rezidenturaya qəbul üzrə keçirilən müsabiqə və onun nəticələri ilə bağlı namizədlərin müraciətlərinə baxılması üçün Mərkəz tərəfindən Apelyasiya Komissiyası yaradılır. Namizəd Apelyasiya Komissiyasına şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməklə, şəxsən müraciət etməlidir. Apelyasiya Komissiyasının qərarlarından inzibati qaydada və ya məhkəməyə şikayət verilə bilər.
Nəzərinizə çatdıraq ki, yeni qaydalara əsasən, namizədin aşağıdakı hərəkətlərə yol verməsi qadağandır:
saxta və ya başqasına aid sənəd təqdim etmək, imtahana öz yerinə başqasını göndərmək;
imtahana mobil telefon və digər rabitə vasitələri, kalkulyator və digər elektron cihazlar, konspekt, lüğət, cədvəl, məlumat kitabçası və digər yardımçı vasitələr gətirmək və ya onlardan istifadə etmək;
yandırıcı, partlayıcı, kəsici, deşici, atıcı və digər bu kimi əşyalarla imtahan binasına girmək, özü ilə siqaret gətirmək;
“İmtahan başlandı!” elan olunan andan imtahanın sonunadək səbəbindən asılı olmayaraq, zalda yerini dəyişmək, gəzişmək, danışmaq və digər hərəkətlərlə imtahanın gedişinə mane olmaq;
“İmtahan başlandı!” elan olunan andan 1,5 saat müddət keçənədək və imtahanın son 15 dəqiqəsi ərzində imtahan zalından çıxmaq;
başqasının nəticəsinə təsir göstərmək, o cümlədən başqasının cavab kartına, sual kitabçasına baxmaq və ya öz cavab kartına, sual kitabçasına başqasının baxmasına şərait yaratmaq, sualın cavabını soruşmaq və ya bildirmək;
nəzarətçiyə və ya digər şəxslərə tapşırıqların həllində kömək üçün müraciət etmək;
cavab kartını və sual kitabçasını zədələmək, onları nəzarətçiyə təhvil vermədən imtahan zalından çıxmaq.
Namizədin bu Qaydaların 6.4-cü bəndində göstərilən hərəkətlərə yol verməsi halları Mərkəz tərəfindən aşkar edildikdə, onun müsabiqə (imtahan) nəticələri ləğv edilir. Bu qərardan inzibati qaydada və ya məhkəməyə şikayət verilə bilər.