Reket jurnalistika ilə necə mübarizə aparaq?
08 dekabr 2016 19:21 (UTC +04:00)

Reket jurnalistika ilə necə mübarizə aparaq?

APA.TV-nin efirində yayımlanan “Manşet” verilişində Azərbaycan Mətbuat Şurasının “Reket Jurnalistika”ya Qarşı Mübarizə Komissiyasının sədri, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı reket jurnalistikasına qarşı mübarizə ilə bağlı aparıcı İlham Tumasın suallarını cavablandırıblar.
 
Vüqar Rəhimzadə
 
- “Rekert jurnalistika” ilə məşğul olanlar qeyri-dəqiq faktı müxtəlif rəylərlə mütəmadi olaraq yaymaqla məşğuldurlar. Əgər əlində əsaslı faktlar varsa, bir ay ərzində yaxşı yazı vermək mümkündür. Amma, bir fərd haqqında həftədə 3-5 yazı verirsənsə, bu artıq fəaliyyətinin nə olduğunun göstəricisidir.
 
- Elə mətbuat orqanları var ki, peşə davranış qaydalarını mütəmadi olaraq pozur, jurnalistika prinsiplərinə tamamilə zidd hərəkətlər edirlər. Mətbuat Şurası yarandığı gündən bu hallarla mübarizə aparır, öz mövqeyini ortaya qoyur. Azərbaycan Mətbuat Şurasının tətbiq etdiyi "qara siyahı"da 100-ə yaxın bu cür mətbuat orqanının adı var.
 
- Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində ifşa olunan şəxslərin rəhbərlik etdiyi həmin qəzetlərin adları da "qara siyahı"da olub. Mətbuat Şurasının apelyasiya şurasına həmin qəzetlər müraciət edəndən sonra onların adları bir müddət "qara siyahı"dan çıxarıldı. Amma Şuranın sonuncu iclasında həmin qəzetlərdən birinin adı yenidən həmin siyahıya əlavə edildi.
 
- DTX-nın “reket” jurnalist fəaliyyəti ilə məşğul olanlara qarşı keçirdiyi əməliyyatları ictimai mühitin və eyni zamanda jurnalistikanın sağlamlaşdırılması istiqamətində uğurlu addımdır. Mətbuat Şurası fəaliyyətinin bütün dövrlərində “reket” jurnalistlərə qarşı mübarizə aparıb.
 
- Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin "reket jurnalistlər"ə qarşı keçirdiyi əməliyyatlar jurnalistikanın saflaşmasına xidmət edir. DTX-nin həyata keçirdiyi bu iş jurnalistikanın saflaşmasına, bəzi şəxslərin "jurnalist" fəaliyyəti adı altında insanlara qarşı törətdikləri mənəvi terrorun aradan qaldırılmasına, cəmiyyətin inkişafına xidmət edir. Bu tədbirlərin keçirilməsi alqışlanmalıdır.
 
 
Əvvəllər nəşriyyatda reket qəzetlər həddən ziyadə çox idi. Son dövrlər Mətbuat Şurası ilə "Azərbaycan" nəşriyyatı arasında aparılan dialoq, eyni zamanda reket mətbuatının mahiyyəti ilə bağlı aparılan maarifçilik işləri bu nəşriyyata da təsir edib.
 
 
Akif Aşırlı
 
- Öz məqsədlərini həyata keçirmək üçün bu sahədən daha yaxşı təbliğat vasitəsi düşünə bilməyənlər elə jurnanilstika vasitəsilə də istəklərini həyata keçirir. Çox zaman da niyyəti xoş olmayan insanların jurnalistka peşəsindən, bu peşənin çətinliklərindən xəbəri olmur. 
   
- Problemin qarşısını almaq üçün müxtəlif üsullara əl atılır. Mübarizənin effekt verib-verməyəcəyini, yaxud bu mübarizələrdən qarşı tərəfin deyil, jurnalistikanın ziyan çəkib-çəkməyəcəyini isə gələcək göstərəcək.
 
- Reket jurnalistika bu cəmiyyətin bəlasıdır. Onun mahiyyətində bir cinayət əməli var. Sadəcə, cəmiyyət hələ yetişməyib. Ayrı-ayrı strukturlarda əyləşən məmurların ölkədə azad fikrin, sözün mahiyyətini kifayət qədər anlamamasından, ciddi qəzetlərlə qeyri-ciddi qəzetlər arasında fərq qoya bilməməsindən bu kimi hallar doğur.
 
Cəmiyyət inkişaf etdikdən, hər kəs öz yerində olduqdan sonra reket mətbuat da sıradan çıxacaq. Bunun üçün zaman lazımdır. Eyni zamanda Azərbaycan mətbuatında ciddi islahatlara çox böyük ehtiyac var. Bu islahatları həyata keçirdikdən sonra biz reket mətbuatın sıralarının azaldığını hiss edəcəyik. 
   
Reket jurnalistlərin böyük əksəriyyəti orta məktəb səviyyəsi həcmində savaddan da bixəbərdirlər. Azərbaycan mətbuatında savadsız bir kütlə-"jurnalistlər" peyda olub və onlar mətbuatı korlamaqla məşğul olurlar. Öz tərcümeyi-hallarını yazanda belə səhvə yol verirlər. Nəinki ifadə səhvlərinə, orfoqrafik səhvlərə yol verirlər. Bunlar da qəbulolunmaz hallardır. 
 
- "Azərbaycan" nəşriyyatında artıq getdikcə reketlərin sayı azalır. Hesab edirəm ki, bu da doğru bir yoldur. Ancaq demək olmaz ki, nəşriyyat bütövlükdə reketlərdən xilas olub. Yox. Biz bu nəşriyyatı həmişə nüfuzlu bir yer kimi qəbul etmişik və ali bir məbəd kimi baxmışıq.
 
Dövlət Təhlükəsizlik Xidmətinin “reket” jurnalistlərə qarşı keçirdiyi əməliyyatları yüksək qiymətləndirirəm. Hesab edirəm ki, cəmiyyət bu cür ünsürlərdən təmizlənməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 237
avatar

APA TV

Oxşar yazılar