Millət vəkili Qənirə Paşayeva İstanbulda TÜRKONFED-in təşkilatçılığı ilə keçirilən “Dayanıqlı iqtisadiyyatda qadınların rolu” adlı beynəlxalq konfransda iştirak edib.
Lent.az-ın məlumatına görə, Q.Paşayeva bildirib ki, insanları köçkün salan səbəblərlə ciddi mübarizə aparılmalıdır: “Azərbaycanda artıq 20 ildir ki torpaqları işğal olunduğu üçün yurduna dönə bilməyən qadınlar var və dünyanın fəal qadınlarını köçkün qadınların acılarına daha duyarlı olmalıdır”.
Toplumun və dünyanın inkişafı qadınların təhsilindən və inkişafından keçdiyini vurğulayan millət vəkili bildirib ki, zorakılığa məruz qalan qadınların əksəriyyətini təhsilsiz qadınlar təşkil edir: “Unutmamalıyıq ki, zorakılığa məruz qalan qadınlar arasında savadsız, təhsilsiz, heç bir peşənin sahibi olmayan, iqtisadi baxımdan özünü idarə edə bilməyənlər, öz hüquqlarını bilməyən qadınlar əksəriyyət təşkil edir, Savadlı cəmiyyət savadlı anadan keçir. Çox ciddi narahatlıq doğuran və təəssüf yaradan fakt ondan ibarətdir ki, getdikcə zorakılığın müxtəlif növlərindən əziyyət çəkən qadınların sayı artır. İnsan alveri qurbanlarının əksəriyyətini qadınlar təşkil edir. Bundan başqa bu gün geniş yayılmış qadınlara qarşı məişət zorakılığı ilə mübarizə sahəsində də fəaliyyətimizi daha da gücləndirməyə ciddi ehtiyac var. Qadınlara qarşı ayrı-seçkiliyin olduğu, qadınlara qarşı zorakılığın geniş yayıldığı, gender bərabərliyinin təmin olunması istiqamətində fəal iş aparılmayan ölkə və cəmiyyətlər uğursuzluğa düçardır”.
Q.Paşayevanın sözlərinə görə, dünyanın hər yerində gender bərabərliyi istiqamətində maarifləndirmə, təbliğat-təşviqat işlərinin daha da genişləndirilməsinə böyük ehtiyac var.
O deyib ki, gender bərabərliyi, qadınların dövlətin və cəmiyyətin idarə olunmasında rolunun artırılması, qadınların cəmiyyəti bütün sahələrində, o cümlədən biznesdə də rolunun genişləndirilməsinə dəstək, qadınlara qarşı bütün növ zorakılıq hallarına qarşı kəskin mübarizə aparılması Azərbaycan dövlətinin prioritetləri sırasındadır: “ Azərbaycanda qadınlara seçki hüququnun hələ 1918-ci ildə verilib. Bununla Azərbaycanın nəinki Şərqdə, həm də dünyanın bir sıra ölkələri ilə müqayisədə qadınlara seçib-seçilmək hüququ verən ilk dövlətlərdən biri oldu”.