Millət vəkili Qənirə Paşayeva Türkiyədə “Güclü qadınlar güclü sabahlar” konfransında Azərbaycan qadınları ilə bağlı geniş məruzə ilə çıxış edib.
Lent.az-ın məlumatına görə, millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva və Tibb üzrə Fəlsədə foktoru Yazgül Avdiyeva Türkiyədə konfransda çıxış edərək Azərbaycan qadınlarından danışıblar. Türkiyə Ticarət Odası Qadın Qolları təfərindən təşkil edilən tədbirin açılışında çıxış edən Aksaray Ticarət və Sənaye Odası Yönetim Kurulu Başkanı Ahmet Koçaş, Aksaray Ticarət Odası Qadın Qolları başqanı Aysun Akkurt, Aksaray millət vəkillərinin açılış nitqlərindən sonra millət vəkili Q.Paşayeva geniş məruzə ilə çıxış edib. O, bildirib ki, qadın haqları sahəsində problemlərin tək qadınların deyil, bütün toplumun olması düşüncəsi təəssüf ki, hələ də istənilən səviyyədə deyil:
"Təcrübələr göstərir ki, hansı ölkələrdə qadınların dövlətin və cəmiyyətin idarə olunmasından başlayaraq həyatın bütün sahələrində kişilərlə bərabərliyinin təmin olunması istiqamətində ciddi işlər görülür, orada daha çox uğurlar var. Qadınlara qarşı ayrı-seçkiliyin olduğu, qadınlara qarşı zorakılığın geniş yayıldığı, gender bərabərliyinin təmin olunması istiqamətində fəal iş aparılmayan ölkə və cəmiyyətlər uğursuzluğa düçardır".
Qadın haqlarının müdafiəsi, gender bərabərliyi, qızların təhsili, qadına qarşı zorakılıqla mübarizə istiqamətində uğurların əldə edilməsində dövlət siyasətinin önəmli yer tutmasının vacibliyini vurğulayan millət vəkili Qənirə Paşayeva Azərbaycanda bu istiqamətdə həyata keçirilən dövlət siyasəti, əldə edilən uğurlar və həllini gözləyən problemlər barədə ətraflı məlumatlar verib. Qadınlara qarşı zorakılığın ən böyük insan haqları pozuntularından olduğunu deyən millət vəkili “biz qadınların məişət zorakılığı da daxil olmaqla məruz qaldığı bütün növ zorakılıqlara qarşı mübarizəmizi daha da artırmalıyıq, hər gün ailəmizdən, ətrafımızdan başlayaraq bu cür mənfi hallara qarşı mübarizə aparmalıyıq”- deyib. Dünyanın hər yerində bu kimi halların olduğunu vurğulayan Qənirə Paşayeva Azərbaycanın da sivil, inkişaf edən ölkələrdən biri olaraq bu mənfi hallara qarşı mübarizə aparan ölkələrdən biri olduğunu, bu istiqamətdə qanunların qəbul olunduğunu və işlərin getdikcə daha da sürətləndiyini deyib:
“Gender bərabərliyi məsələsinə diqqətimizi daha da artırmalıyıq. Marifləndirməyə ailələrdən, məktəblərdən başlamalıyıq".