Əvvəlki illərdə Qafqaz Universitetindən məzun olmuş, hazırda Qafqaz Universitetindən Bakı Mühəndislik Universitetinə köçürülən tələbələrin gələcəkdə alacaqları diplomlar Azərbaycan Respublikasında birmənalı şəkildə tanınacaq.
Lent.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin Ali, orta ixtisas və əlavə təhsil sektorunun müdiri Sülhəddin Gözəlov “Təhsil.tv”-yə müsahibəsində bildirib.
S.Gözəlov bildirib ki, hazırda tədris sənədlərinin, təhsil alan tələbələrin, əvvəlki illərdə qəbul olmuş və universiteti müəyyən səbəblərdən bitirməmiş, akademik məzuniyyət götürmüş, müxtəlif təqaüd proqramları çərçivəsində xaricdə təhsil alan bütün tələbələrin tədris sənədlərinin Qafqaz Universitetindən Bakı Mühəndislik Universitetinə təhvil verilməsi ilə bağlı işlər aparılır. Qısa müddətdə bu işlər tamamlanacaq.
S. Gözəlov vurğulayıb ki, Qafqaz Universitetində indiyə qədər mövcud olan ixtisaslardan əlavə Bakı Mühəndislik Universitetində ölkə iqtisadiyyatı üçün prioritet olan bir sıra yeni mühəndislik ixtisasları üzrə kadr hazırlığının da aparılması nəzərdə tutulub. Bu ixtisaslar gələcəkdə açıqlanacaq.
Sektor müdiri onu da əlavə edib ki, digər universitetlərdə təhsil almaq istəyən tələbələrin müraciətlərinə isə yayda baxılacaq: “ Bəllidir ki, təhsil aldığı təhsil müəssisəsini və ya ixtisasını dəyişmə ilə bağlı müvafiq qaydalar var. Həmin qaydalara uyğun olaraq bu məsələlərə baxılacaq”.