Həmrəyliyimiz möhkəm və əbədi olsun!
31 dekabr 2016 12:36 (UTC +04:00)

Həmrəyliyimiz möhkəm və əbədi olsun!

0

 

31 dekabr dünyanın müxtəlif guşələrində məskunlaşan, lakin qəlbi daim Vətənlə döyünən, çoxmilyonlu Azərbaycan millətinin  birliyinin reallaşdığı gündür. Bu gün birlik amalı ilə yaşayan millətimizin bütövlük şüarının möhürləndiyi tarixdir.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün  yaranması mövcud zərurətin, birliyin nəticəsində olmuşdur. 1989-cu il dekabrın axırlarında Naxçıvanda Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəkləri dağıdıldı. Həftələrlə Arazın o tayı və bu tayında insanlar gecə-gündüz birləşmək şüarı ilə çıxış etdilər. Şimalda və cənubda yaşayan soydaşlarımız bir millət olduğunu dünya çapında bir daha sübut etdilər. Bu vaxt İstanbulda keçirilən Türkdilli xalqların Konfransında tarixi zərurətdən və mənəvi ehtiyacdan yaranan bu günün dünya azərbaycanlılarının həmrəyliyi günü kimi qeyd olunmasına dair qərar verildi. 1991-ci ilin 16 dekabrında isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışan ümummilli lider Heydər Əliyev dünya azərbaycanlılarının yekdilliliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq 31 dekabr tarixini Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi elan etdi. Bununla həmrəyliyimizin  hüquqi və siyasi təsdiqi reallaşdırıldı. Beləliklə, bütün azərbaycanlılar üçün əziz olan 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü Azərbaycanın şanlı dövlətçilik tarixinə əlavə olunaraq hər il bayram kimi qeyd olunmağa başladı. Bu tarixi hadisə xaricdə yaşayan on milyonlarla soydaşımızın milli təşəkkülünün, özünüdərk hissinin formalaşması, onların müstəqil Azərbaycan dövləti ətrafında təşkilatlanması, mənəvi, siyasi birliyinin təmin edilməsi işində təkanverici bir amil oldu. Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsi ilə böyük təmtəraqla qeyd olunan bu tarix qısa müddətdə milli təfəkkür tərzinə çevrilərək dünyanın müxtəlif ölkələrində məskunlaşmış soydaşlarımız üçün milli qürur, mənəvi dayaq və ümid günü oldu. Tarixi azərbaycançılıq ideologiyamızın böyük öndər Heydər Əliyev tərəfindən yenidən  gündəmə gətirilməsi isə  dünya azərbaycanlılarını birləşdirən, həmrəyliyi daha da gücləndirən ən önəmli faktorlardan birinə çevrildi. Azərbaycançılıq xaricdəki diasporalarımızın təşkilatlanmasında, milli həmrəyliyin gücləndirilməsində önəmli rol oynamaqla Azərbaycan dövlətçiliyininin onurğa sütununu təşkil edir. Dünya Azərbaycanlılarının I Qurultayı 2001-ci il 9-10 noyabr tarixlərində ulu öndər Heydər Əliyevin sədrliyi ilə keçirilmişdir. Bununla, ilk dəfə olaraq dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlıların həmrəy şəkildə Bakıda toplanma ənənəsinin əsası qoyulmuşdur. II Qurultay 2006-cı il 16 martda, III Qurultay  2011-ci il 5-6 iyul və IV Qurultay 2016- cı il 3-4 iyun tarixlərində Prezident İlham Əliyevin sədrliyi ilə keçirilmişdir.

Bu gün dünya azərbaycanlılarının milli birliyinin və tərəqqisinin təminatçısı Azərbaycan Respublikasıdır. Hər bir azərbaycanlı öz kimliyi, milli mənsubiyyəti ilə fəxr etməli, zəngin və qədim tarixi, çoxəsrlik ortaq mədəni-mənəvi sintez missiyasını özündə əks etdirən dövləti ilə qürur duymalıdır.  Dünyanın müxtəlif yerlərinə səpələnmiş çoxmilyonlu millətimiz azərbaycançılıq ideologiyası ətrafında birləşərək, uğurlu bir gələcəyə, daha sıx həmrəyliyə, güclü və inkişaf etmiş Azərbaycan dövlətçiliyinin daha da qüdrətlənməsinə çalışmalıdır. Bu, bizim amalımıza, həyat fəlsəfəmizə çevrilməlidir.

Nailə Məmmədova

“Azerbaijan Realities”

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 558

Oxşar yazılar