Növbəti mərhələdə Təhsil Nazirliyi peşə təhsili müəssisələrinin məzunları üçün iş imkanlarını əks etdirən və məlumatların ictimaiyyətə çatdırılmasını, şəffaflıq və asan istifadəni təmin edən internet səhifəsi yaradacaq.
Lent.az-ın məlumatına görə, bu Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsində qeyd olunub.
Strateji Yol Xəritəsində qeyd edilib ki, səriştə və bacarıqların qiymətləndirilməsi istisna olmaqla, bütün sənədləşmə prosedurları elektron qaydada internet səhifəsi vasitəsilə həyata keçiriləcək. Bu səhifənin ictimaiyyət tərəfindən geniş şəkildə istifadəsinin asanlaşdırılması üçün Təhsil Nazirliyi açıqlanacaq məlumat növlərinə və bu məlumatların təfsilatlarına dair qərar verəcək, məlumatların səhifədə dərcedilmə vaxtını müəyyən edəcək. Təhsil Nazirliyi peşə təhsili müəssisələrinin təqdim etdiyi məlumatların dəqiqliyini təmin etmək üçün audit və yoxlama mexanizmlərinə dair qərar verəcək və əmək bazarında baş verən dəyişiklikləri başa düşmək üçün aidiyyəti qurumların təqdim etdiyi məlumatlar əsasında müntəzəm təhlillər aparacaq. Bu təhlillərin nəticələrinə əsasən, işçi qüvvəsinə olan tələbatdakı dəyişikliklərin ictimaiyyətə açıqlanması həmin sahələr üzrə təhsilalanların sayını stimullaşdıra bilər.
Bundan başqa, Təhsil Nazirliyi daha sonra internet səhifəsi barədə ictimai məlumatlılığın artırılması məqsədilə müvafiq tədbirlər həyata keçirəcək. İnternet səhifəsinə dair məlumatlar video, televiziya proqramları və işəgötürənlərlə müsahibələr vasitəsilə ictimaiyyətə çatdırılacaq. Tərtibatda müvafiq təkmilləşdirmə işlərinin görülməsi, eləcə də məlumatların yenilənməsi üçün səhifəyə davamlı şəkildə nəzarət ediləcək.
Bu prioritetin real ÜDM-ə birbaşa təsiri olmasa da, digər prioritetlər üzrə müsbət nəticələrin əldə edilməsində mühüm yardımçı vasitə rolunu oynayacağı gözlənilir. Bu prioritet çərçivəsində təxminən 10 yeni iş yerinin yaradılması proqnozlaşdırılır.
Bildirilir ki, bu prioritet üzrə peşə təhsili müəssisələrində lazımi informasiya texnologiyaları infrastrukturunun qurulmasına və internet səhifəsinin yaradılmasına 700 min manat həcmində investisiya qoyuluşunun tələb olunacağı proqnozlaşdırılır.