Peşə təhsili müəssisələrinin mövcud müəllim-pedaqoji heyətinin diaqnostik qiymətləndirilməsi keçiriləcək.
Lent.az-ın məlumatına görə, bu Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsində qeyd olunub.
Strateji Yol Xəritəsində bildirilib ki, peşə təhsili müəssisələrinin mövcud müəllim-pedaqoji heyətinin potensialını və peşəkarlıq səviyyəsini müəyyənləşdirmək məqsədilə Təhsil Nazirliyi diaqnostik qiymətləndirmə həyata keçirəcək. Bu qiymətləndirmə nəticəsində müəllim heyətinin bilik və bacarıqlarının peşə təhsili proqramı (kurikulum) üzrə tələb edilən fənlərin tələblərinə tam uyğun gəlmədiyi müəyyən edilərsə, həmin işçilər üçün ixtisasartırma və yenidənhazırlama təlimlərinin təşkili imkanı nəzərdən keçiriləcək.
Qiymətləndirmə Təhsil Nazirliyi tərəfindən müəyyənləşdirilən meyarlar əsasında və dövri qaydada həyata keçiriləcəkdir. Qiymətləndirmənin nəticələrinə əsasən müəllimlərə müvafiq təklif və tövsiyələr veriləcək. O cümlədən müəllim-pedaqoji heyətin fəaliyyətinin qiymətləndirilməsi məqsədilə şagirdlər arasında rəy sorğuları keçiriləcək və bu sorğuların nəticələrinə əsasən Təhsil Nazirliyi dərslərin məzmununda və strukturunda müvafiq dəyişikliklər edəcək.