Öz vətənində miqrant olanlar – ARAŞDIRMA
13 iyun 2013 13:22 (UTC +04:00)

Öz vətənində miqrant olanlar – ARAŞDIRMA

Komitə sədri: “Yeni hazırlanmış Miqrasiya Məcəlləsində xaricdə yaşayan soydaşlarımızla bağlı xüsusi rejimin yaradılması alınmır”

 

 

“30 ildən çoxdur Rusiyanın Həştərxan şəhərində yaşayıram. Həyatımız artıq Rusiyaya bağlansa da, mən, qardaş-bacılarım gələcəkdə tədricən vətənə - Azərbaycana qayıdacağıq. Mənim ixtisasım (kompüter proqramçısı) indi də imkan verir ki, Azərbaycanda qalım işləyim. Amma Rusiya vətəndaşı olduğum üçün öz vətənimdə miqrant kimi yaşama şərtləri buna mane olur...”

 

Bu, 26 yaşlı Rusiya vətəndaşı olan həmyerlimiz Ramin Namazovdur. Tanınmış şirkətlərdən birinin kompüter proqramçısıdır.

Artıq iki ildən bir az çoxdur ki, ixtisası üzrə işləmək üçün Azərbaycandadır. Amma qanunvericiliyə görə miqrantlar üçün bəzi şərtlər ona, onun burada həyat qurmasına mane olur. Əvvəla o ildə miqrant kimi işlədiyinə görə, hər il 1120 manat rüsum ödəyir. Hərçənd digər miqrantlardan fərqli Ramin bir qədər cəld tərpənib, rüsumu işlədiyi şirkət ödəyir: “Amma nə olsun, istənilən miqrant bu qədər vəsaiti hər il Miqrasiya Xidmətinə ödəməlidir. Daha az maaş ilə işləyənlər üçün bu çox vaxt problem olur”.

 

3 ay bitdi, yaxşı yol?

 

Ramin ilə söhbətdə o, Azərbaycanda yaşayan miqrantın keçdiyi faktiki proseduru qısaca nəql etdi:

 

“Azərbaycana sərhədini keçən kimi 3 gün ərzində pasportunun (təbii ki vətəndaşı olduğu ölkənin) surətini, qırmızı fonda 3x4 ölçüdə foto və Azərbaycanda kimin evində 3 aylıq qeydiyyata düşəcəksə həmin şəxsin pasportunun surətini, onun qeydiyyat üçün razılıq ərizəsi və həmin şəxsin evinin “kupça”sınının sürətini toplayır. Məhz bundan sonra və iki həftə ərzində 3 aylıq müddəti olan şəxsiyyət vəsiqəsi ala bilirsən”.

 

Amma miqrantın işi bununla da bitmir. O, 3 ay tamam olduqdan sonra yenidən Azərbaycan sərhədindən çıxıb eyni situasiyanı yenidən təkrar eləməlidir.

Ramin arzu edir ki, heç olmasa 3 ayın tamamında onu bir də ölkədən çıxarıb eyni şeyi təkrar etdirməsinlər: “Heç olmasa azərbaycanlı miqrantlar üçün daha münasib şərt seçəydilər, axı biz harada yaşamamızdan asılı olmayaraq bura bizim vətəndir”.

 

 

Bu hələ harasıdır? Daha acınacaqlı hallara da rast gəlinir. Bu da xarici ölkə vətəndaşı olan soydaşımızın Azərbaycana müvəqqəti gəldiyi zaman burada ailə qurmasıdır.

 

Azərbaycanlı xarici vətəndaşlar 5 il ölkəyə buraxılmaya bilər

 

Azərbaycanda miqrasiya dövlətin həssas yanaşdığı sahələrdəndir. Dövlət Miqrasiya Xidmətinin yaradılması və fəaliyyəti buna misaldır.

Amma 22 illik müstəqillik fonunda miqrasiya Azərbaycan üçün çox yeni bir sahədir və təbii ki, bu sahənin qanunvericilik bazasının təkmilləşməsi müəyyən qədər zaman alır.

Eyni zamanda nəzərə alsaq ki, indi xarici ölkə vətəndaşlığı olan azərbaycanlıların əksəriyyəti keçmiş SSRİ ölkələrindən, son illərə qədər vahid sərhəd çərçivəsində yaşadığımız bölgələrdədir, azərbaycanlı miqrantların da çoxu məhz bu ölkələrdən gəlir,  bunu da tənzimləmək ayrıca çətinliklər yaradır...

 

Azərbaycanda miqrasiya məsələləri bir neçə qanunda nəzərdə tutulan müvafiq maddələr ilə tənzimlənir. Artıq Azərbaycan Milli Məclisi miqrasiya məsələlərini vahid məcəllədə cəmləşdirib, Miqrasiya Məcəlləsi müzakirəyə çıxarır. Məcəllə artıq iki oxunuşda qəbul olunub və iyunun 13-də üçüncü dəfə müzakirə olunacaq. Məcəllədə miqrantlar üçün şərtlər kifayət qədər dəqiqləşir və ciddiləşir...

 

Yeni məcəllə miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, miqrasiya proseslərinin və bu sahədə yaranan münasibətlərin tənzimlənməsi, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda hüquqi vəziyyəti ilə bağlı normaları müəyyənləşdirəcək.

Qanun layihəsində qeyd olunur ki, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə olması və ya yaşaması Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə, onun dünyəvi xarakterinə, Azərbaycan xalqının vahidliyinə, ölkənin milli təhlükəsizliyinə, ictimai asayişə və ya əhalinin sağlamlığına zərər vura biləcəyi hallarda, həmçinin vətəndaşlarının və digər şəxslərin hüquqlarının və qanuni mənafelərinin qorunması bunu tələb etdikdə, həmin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə olması arzuolunmaz hesab edilə bilər.

 Şəxsin arzuolunmaz hesab edilməsi 5 il müddətinə müəyyən edilir və müvafiq əsaslar aradan qalxmadıqda, eyni müddətə uzadıla bilər. Uzadılmaların sayı isə məhdudlaşdırılmır. Eyni zamanda sənəddə bildirilir ki, Azərbaycanın ərazisində qanuni əsaslarla müvəqqəti olan, müvəqqəti və ya daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxs arzuolunmaz hesab edildikdə, həmin şəxs qərar qəbul edildiyi andan ölkədə olma və ya yaşama hüququnu itirir. Şəxsin ölkədə olmasının arzuolunmaz hesab edilməsi barədə məlumat müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə də daxil edilir.

 Yeni məcəlləyə əsasən, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə aşağıdakı hallarda Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilir:

 - Azərbaycan Respublikasının vətəndaşı ilə yaxın qohumluq münasibətlərində olduqda;

- ölkə iqtisadiyyatına azı 500 min manat məbləğində investisiya qoyduqda;

- Azərbaycan Respublikasının ərazisində azı 100 min manat dəyərində daşınmaz əmlakı və ya Azərbaycan Respublikasının banklarında həmin məbləğində pul vəsaiti olduqda;

- iqtisadiyyat, sənaye, müdafiə, elm, mədəniyyət, idman və digər sahələr üzrə yüksək səviyyəli mütəxəssis olduqda;

- Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin ailə üzvləri olduqda;

- xarici hüquqi şəxsin Azərbaycan Respublikasındakı filial və nümayəndəliyinin rəhbəri və onun müavini (3 müavindən artıq olmamaq şərti ilə) vəzifəsini tutduqda;

- Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda;

- Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün bu Məcəllə ilə müəyyən edilmiş qaydada iş icazəsi aldıqda;

- Azərbaycan Respublikasının ali və orta ixtisas təhsil müəssisələrində əyani formada və ümumtəhsil müəssisələrində təhsil aldıqda;

- dövlət qeydiyyatına alınmış dini qurumlarda peşəkar dini fəaliyyətlə məşğul olduqda;

- Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş əsaslar olduqda.

Dövlət əmək miqrasiyası kvotasının tətbiq edilməsi, iş icazələrinin verilməsi, o cümlədən Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəlməsində vasitəçilik fəaliyyətinə xüsusi razılıq verilməsi yolu ilə əmək miqrasiyasını tənzimləyir. Müvafiq dövlət orqanları əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında əmək fəaliyyətinin qanuniliyinə, onların sosial müdafiəsinin təmin olunmasına, hüquqi və fiziki şəxslərin əmək miqrasiyası sahəsindəki fəaliyyətlərinə nəzarəti həyata keçirirlər.

 

Millət vəkilləri nə deyir?

 

Məcəllənin Milli Məclisdə müzakirəsindən sonra xarici ölkə vətəndaşı olan azərbaycanlıların üzərində yeni müəyyənləşən əcnəbi statusunun götürülməsini, əks halda bunun yeni problemlər yaradacağını bildirənlər oldu.

 

Deputat Qənirə Paşayeva deyir ki, xarici ölkələrdə yaşayan Azərbaycan əsilli insanlar onlara əcnəbi anlayışından yanaşılmasından narahatdır. Deputat xarici ölkə vətəndaşı olan azərbaycanlılara fərqli yanaşma təklif edib: “Azərbaycanda ikili vətəndaşlığı olmamasına baxmayaraq valideynlərinin azərbaycanlı olduğu xarici ölkə vətəndaşlarına imtiyazların verilməsini vacib sayır”.

 

Deputat Fazil Mustafa və Qüdrət Həsənquliyev də xarici ölkə vətəndaşı olan azərbaycanlılara digər əcnəbi statusundan daha yumşaq statusun verilməsini istəyirlər. Burada söhbət əsasən Gürcüstanda və Rusiyada yaşayan azərbaycanlılardan gedir.

 

Deputat Rafael Cəbrayılov da açıqlamasında bildirir ki, baxmayaraq Azərbaycan Avropa Şurası qarşısında qanunvericiliyin Avropa qanunlarına uyğun formalaşması öhdəliyi götürüb, amma bu məsələdə parlamentdə həll olunmalıdır. Onun fikrincə əcnəbilərə bu şərtlər tətbiq olunarkən onlar arasında azərbaycanlılara daha yumşaq şərtlər tətbiq olunmalıdır. Belə ki, məcəllədə əcnəbilərin ölkəyə gəlmək və ölkədən getmək, eyni zamanda miqrasiya uçotu ilə bağlı şərtlər xarici ölkə vətəndaşı olan azərbaycanlılar üçün tamamilə yumşaldılaraq yeni status kimi müəyyən olunacaq. Bura ölkədə yaşamaq üçün qeydiyyatın uzadılması, digər əcnəbilərdən fərqli olaraq, yeni əlavə hüquqi imtiyazların verilməsi və az da olsa, tətbiq olunacaq şərtlərin pozulduğu halda, nəzərdə tutulan cərimələrin daha az miqdarda olması daxildir.

 

Bütün bu mübahisələrə isə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Lent.az-a açıqlamasında nöqtə qoydu. Əli müəllim deyir ki, ayrı-ayrı millət vəkillərindən bununla bağlı rəsmi təkliflər olub. Onun sözlərinə görə, deputatların bu təkliflərinin qəbul edilməsi mümkün olmayıb: “Ümumiyyətlə, “əcnəbi” anlayışı vətəndaşlıqla bağlı qanunvericiliyin predmetidir. Yeni hazırlanmış Miqrasiya Məcəlləsində Gürcüstan, Rusiya və digər ölkələrdə yaşayan soydaşlarımızla bağlı hansısa xüsusi rejimin yaradılması alınmır. Məcəllədə “Azərbaycan Respublikasının vətəndaşı” və “əcnəbi” anlayışlarından istifadə olunur. Bu, hüquqi bir sənəddir və miqrasiya məsələlərini tənzimləyir. Ona görə də bu təklifləri reallaşdırmaq hüquqi baxımdan mümkün deyil”.

 

[email protected]

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1791
avatar

Mübariz Aslanov

Oxşar yazılar