2016-cı ildə əhalinin sayı 104,4 min nəfər və ya 1,1 faiz artaraq 2017-ci il yanvar ayının 1-i vəziyyətinə 9810,0 min nəfərə çatıb.
Dövlət Statistika Komitəsindən Lent.az-a verilən məlumata görə, 2016-cı ildə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 159,5 min, təxminən gündə 436, saatda isə 18 doğulmuş körpə qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 16,5 təşkil edib. Doğulan körpələrin 2734-ü əkiz, 69-u üçəmdir. Doğum səviyyəsi əsasən, Lənkəran (18,6), Dağlıq Şirvan (18,5), Aran (18,0) və Kəlbəcər-Laçın (18,0) iqtisadi rayonlarında yüksək olub.
Azərbaycanda yeni doğulan körpələr arasında qızların xüsusi çəkisi 46,8 faiz təşkil edərək hazırda hər 100 doğulan qıza 114 oğlan düşür (bioloji norma 105-107 təşkil edir).
Doğulanların cins nisbətinin pozulması ümumi əhalinin cins strukturunu da dəyişir. Hazırda hər 1000 kişiyə 1006 qadın düşür.
Ötən il ölkədə 56,6 min ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 5,9 təşkil edib.