Hələbdə atəşkəsə nail olunması Rusiyanın bölgədə duruma hakim olduğunu, Türkiyənin isə proseslərə müdaxilə imkanlarının tükənmədiyini göstərir. ABŞ-ın atəşkəslə bağlı açıqlaması konkret hədəf göstərməkdir, Vaşinqton bununla Hələbdə baş verənlərə görə Rusiya və Türkiyənin günahkar olduğunu nəzərə çarpdırmaq istəyir. Nəticə isə dəyişmir, Hələbin Əsədin nəzarətinə keçməsi həm ciddi humanitar böhranın başlanğıcı, həm də qüvvələr balansının köklü şəkildə dəyişməsidir.
Vaşinqton durumdan ən çox Ankaranın əleyhinə istifadə etməyə çalışacaq, Qərb mətbuatı da Hələbin Türkiyə-Rusiya razılaşması əsasında Əsədə təhvil verilməsi tezisini tirajlamağa çalışır. İddianın isbatlanması üçün zamana ehtiyac var. Əgər bu durum gerçəkdən bir razılaşmanın nəticəsidirsə, o zaman Ankaraya da verilən sözlər olmalıdır.
Ankara və Moskvanın Hələbdə atəşkəsə dair razılıq əldə etməsi o deməkdir ki, Türkiyə Suriyanın gələcəyinin müəyyənləşməsində əhəmiyyətli aktyor kimi qəbul olunur. Bu pozitiv durumun neqativ tərəfləri də var. Türkiyənin aktiv mövqeyə sahiblənməsi onu həm də hədəfə çevirir. Məsələn, baş verənlərdən sonra Türkiyədə İstanbuldakı terror aktı kimi hadisələr təkrarlana da bilər. Allah qorusun!