Türkiyə və İraq baş nazirlərinin imzaladığı Bağdad bəyannaməsinə ilk müsbət reaksiya İrandan gəlmişdi. İranın sabiq xarici işlər naziri Əli Əkbər Vilayəti iki ölkə arasında münasibətlərin normallaşmasını alqışlamış və bu prosesin Türkiyə-İran münasibətlərinə də sirayət etməsini arzulamışdı. Vilayətinin açıqlamasında diqqət çəkən məqam “Türkiyənin qonşularla sıfır problem siyasətinə qayıtmasını arzu edirik” deməsi idi. Bu yanaşma iki ölkə arasında münasibətlərin normal məcraya dönməsində birinci və bəlkə də yeganə dövlətin İran olduğu anlamına gəlir. Amma İbadinin son açıqlaması göstərir ki, Türkiyə-İraq münasibətlərinin qaydaya düşməsində maraqlı olmayanlar da çoxdur. Və İraq baş naziri bu dəfə İranın deyil, o qüvvələrin, məsələn Bağdad hökumətinə ciddi təsir imkanı olan Qərbin ağzı ilə danışır. İbadinin
türk hərbi kontingentinin ölkədən çıxarılması tələbi əslində normaldır, Ankara buna etiraz etmir və niyyətini birgə bəyannamədə imzası ilə təsdiqləyib. Artıq İraq Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Ankaraya dəvət olunub, Başikanın təhvili ilə bağlı məsələlərə bu səfər çərçivəsində aydınlıq gətiriləcək. Anormal olan ərazisində 32 ölkənin hərbi kontingenti olan İraqın məhz Türkiyədən həri kontingentini çıxarmaqda israr etməsidir. İbadi Başika məsələsini iki ölkə arasında münasibətləri normallaşdırmağın əsas şərti kimi irəli sürü və bununla Ankaraya qarşı diktə siyasəti yürütməyə çalışır. Bu yanaşma əslində Türkiyəni qıcıqlandırmaqdan başqa heç nəyə yaramır, Ankaranın İbadinin açıqlamasına eyni tonda cavab verməsi sülh prosesinin üstündən yenə qalın bir xətt çəkmiş olacaq.
Vüqar HÜSEYNOV