Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi (BUAK) müasir tələbləri nəzərə alaraq nizamnaməsində bir sıra dəyişikliklər edib. Lent.az-ın məlumatına görə, bununla bağlı Kiyevdə bir araya gələn Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin idarə heyəti və regional təşkilatlarının sədrləri konqresin gələcək fəaliyyət proqramını müzakirə ediblər.
İclasda qonaq qismində iştirak edən Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev Azərbaycanın dövlət strategiyasında milli diasporumuzun inkişaf etdirilməsinin əsas prioritetlərdən biri olduğunu diqqətə çatdırıb. Səfir Azərbaycan həqiqətlərinin, xüsusən də, Dağlıq Qarabağ probleminin dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycan diasporunun üzərinə düşən tarixi missiyadan bəhs edib.
Sonra Konqresin yeni nizamnaməsi ətrafında müzakirələr aparılıb. BUAK sədri Rövşən Tağıyev, Ukraynada fəaliyyət göstərən Azərbaycan diasporunun fəaliyyətinin təkmilləşdirilməsi və müasir dövrün tələblərinə uyğun qurulması üçün yeni inkişaf proqramının hazırlandığını bildirib.
O, Ukraynanın 24 vilayətində fəaliyyət göstərən BUAK-in regional təşkilatlarının vahid mərkəzdən idarə olunması, gələcəkdə Ukraynanın seçkili orqanlarına, dövlət və hökumət strukturlarına inteqrasiya mexanizminin tətbiq olunması üçün Konqresin nəzdində, nüfuzlu şəxslərdən, elm və iş adamlarından ibarət parlamentin yaradılması üçün qurumun nizamnaməsində dəyişiklik edilməsinin vacibliyini vurğulayıb.
Rövşən Tağıyev bildirib ki, nizamnaməyə əsasən Konqresin Parlamenti ildə ən azından 2 dəfə toplaşaraq milli diasporun qarşısında duran məsələləri müzakirə edəcək. Ukrayna üzrə parlamentin hər vilayətdən bir nəfər olmaqla 30 nəfər üzvü seçiləcək. Konqresin vilayət təşkilatlarının sədrləri nizamnaməyə olunan dəyişiklikləri geniş müzakirə edərək, təmsil olunduqları qurumun parlamentinin yaradılmasını səs çoxluğu ilə qəbul ediblər. Regional təşkilatlar 2 ay müddətində parlamentin üzvlərini seçərək, martda qanunverici orqanın ilk iclasını keçirəcək. İclasda Konqresin parlamentinin sədri və müavinləri seçiləcək.