“7 il əvvəl sayt yarananda ilk gündən çalışmışıq ki, oxucularla düzgün ünsiyyət quraq. Bu gün belə bir ünsiyyət alınıb. Düşünürəm ki oxucuların hörmətini, rəğbətini, etibarını qazanmışıq. Oxucular artıq bilir ki, saytımızda doğru, düşünülmüş və yoxlanılmış məlumatlar çıxır. Media bazarında özünəməxsus yer tutduğumuzu düşünürəm”. Bunu Lent.az-a bu gün 7 yaşını tamamlayan Milli.az saytının baş redaktoru Anar İmanov deyib.
Baş redaktor Milli.az-ın kifayət qədər inkişaf etdiyini düşünür: “Kifayət qədər inkişaf etmişik. Xüsusən də son dövrlər. Müəyyən oxucu bazamız var. Gələcəkdə də onlarla daha sıx əməkdaşlıq edəcəyik. İstəyirik ki, oxucularımızın sayı daha da artsın. Milli.az-ın xəbərlərini gündəlik 100 mindən çox insan izləyir. Sayt təzə yaranan vaxtlar gündəlik təxminən 5-10 min oxucumuz olardı. Onda da sevinirdik, indi də sevinirik. 7 il ərzində oxucularımızın sayını 10 qata çatdırmışıq. Əlbəttə ki, rəqəmlər əsas deyil, əsas oxucularla davamlı ünsiyyətdir. Canlı ünsiyyəti də “Feysbuk”, telefon vasitəsi ilə edirik. Oxucularımız daim bizim şərhlərdə yazırlar. Sağ olsunlar!"