Sağlam gənclik qüdrətli gələcəkdir!
02 fevral 2017 14:39 (UTC +04:00)

Sağlam gənclik qüdrətli gələcəkdir!

Dünyanın əksər qabaqcıl ölkələrinin siyasi təcrübəsində gənclər siyasətinə xüsusi həssaslıqla yanaşılmasını  açıq-aydın görmək mümkündür.  Bu, heç də təsadüfi deyil. Gənclik aparıcı qüvvə olmaqla dövlətin cəmiyyətdəki dayaqlarını möhkəmləndirir, həyata keçirilən dövlət siyasətinin dəstəklənməsinə və müvəffəqiyyətlə həyata keçirilməsinə təminat verir. Gənclər dövlətin gələcək idarəçiləri, qabaqcıllarıdır. Sağlam düşüncəyə, təfəkkürə, əqidəyə malik yeni nəslin formalaşması dövlətin mükəmməl inkişafının qarantı rolunda çıxış edir.

Gənclər zamanın istənilən kəsimində böyük yaradıcı və güc sahibi olduqlarından, onların düzgün istiqamətləndirilməsi nəticəsində dövlətçiliyin gələcəyini qorumaq mümkün olur. Bu da bir faktdır ki, gənc nəslin inkişaf səviyyəsi həmin dövlətin və ya cəmiyyətin sosial-iqtisadi, mənəvi-mədəni, eyni zamanda, siyasi həyatının tərəqqi göstəricisinə çevrilir.

Hal-hazırda  Azərbaycanda gənclər dövlət siyasətinin mühüm hissəsini əhatə edir. Onlar cəmiyyətin dinamik zümrəsi olmaqla ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatda fəal iştirak edir, ölkədə baş verən bütün proseslərin mərkəzində dayanırlar. Ümummilli lider Heydər Əliyevin ən böyük xidmətlərindən biri də gələcəyimizə - Azərbaycan gəncliyinə verdiyi töhfələrdir. Ulu Öndərin zəngin və möhtəşəm dövlətçilik fəaliyyətində gənclər siyasəti hər zaman xüsusi yer tutub. Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli  qüvvə kimi formalaşmasında milli rəhbərimizin böyük səyi olmuşdur. Heydər Əliyevin fərmanı ilə 1994-cü il iyulun 26-da Gənclər, İdman və Turizm Nazirliyi yaradıldı. 1995-ci ildə isə o, Azərbaycan gənclərinin forumunun keçirilməsi təşəbbüsünü irəli sürmüş, 2 fevral 1996-cı il tarixində müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirilmişdir. Forumda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev şəxsən iştirak etmişdir. 1 fevral 1997-ci il tarixində forumun ildönümü münasibətilə gənclərin bir qrupunu qəbul edən Heydər Əliyev “2 fevral – Azərbaycan gəncləri gününün elan edilməsi haqqında” Sərəncam imzalamışdır. Məhz Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub. 1996-cı ildən başlayaraq Azərbaycanda Gənclər günü qeyd olunandan sonra digər MDB və Şərqi Avropa dövlətlərində də bu gün qeyd olunmağa başladı. Dünyada isə yalnız 1999-cu ildə BMT-nin qərarı ilə avqustun 12-si gənclər günü elan edilib. Bu fakt da Heydər Əliyevin gənclər siyasətinin  unikallığının və uzaqgörənliyinin göstəricilərindəndir. 1999-cu ildə Heydər Əliyev tərəfindən imzalanan “Dövlət Gənclər Siyasəti haqqında” fərmanın qəbulu, 1996, 1999 və 2003-cü illərdə Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan gənclərinin forumlarının keçirilməsi, bura xaricdə yaşayan həmvətənlərimizin də dəvət olunması gəncliyin həyatında mühüm siyasi dönüş yaratdı . 1995-ci ildə yaranmış Gənclər Təşkilatlarının Milli Şurası 2000-ci ilin aprel ayında Avropa qitəsində ən nüfuzlu qeyri-hökumət təşkilatı olan Avropa Gənclər Forumuna tamhüquqlu, 2002-ci ilin yanvar ayında isə BMT-nin İqtisadi və Sosial Şurasına müşahidəçi  üzv seçildi. Gənclərin hərtərəfli inkişafını təmin etmək, onların problemlərinin həlli, hüquqlarının müdafiəsi sahəsində daha ciddi tədbirlər görmək, həyata keçiriləcək gənclər siyasətini tənzimləmək məqsədilə hazırlanmış “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu 2002-ci il 6 may tarixli Fərmanla qüvvəyə mindi.

                Müasir Azərbaycan gəncliyi inkişafının yeni mərhələsinə qədəm qoyub. Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətinin düzgünlüyünü bu sahədə qazanılmış uğurlu nəticələr də təsdiqləyir. Dövlət gənclər siyasətində istedadlı gənclərin müəyyən edilməsi, dəstəklənməsi və inkişafına böyük diqqət ayrılır. Təhsilli, yüksək intellektual bacarığa malik insan kapitalı formalaşdırmaqda və güclü iqtisadiyyat qurmaqda dövlətin oynadığı rol bu gün daha aktualdır. Xüsusi diqqət gənclərin intellektual inkişafının dəstəklənməsi istiqamətinə ayrılmışdır. Azərbaycan gənclərinin beynəlxalq səviyyədə tanıdılması və onların inkişafının stimullaşdırılması məqsədilə istedadlı tələbə, gənc alim, yaradıcı gənclərin beynəlxalq mübadiləsi dəstəklənmiş, xaricdə keçirilən yarış, müsabiqə layihə təqdimatında iştirakı təmin edilmişdir. Buna sübut kimi, artıq 2010-cu ildən start götürən Avropa Şurasının gənclərlə bağlı keçirdiyi seminarlarda gənclərimizin də təmsil olunmasıdır. Seminarlara gənclər parlamentlərinin təmsilçiləri, gənc siyasətçilər, gənclərin ictimai birliklərinin nümayəndələri, deputatlar, jurnalistlər qatılırlar.

Qloballaşan dünyada gəncliyin tərbiyəsi, milli-mənəvi dəyərlərimizə bağlılığı ruhunda tərbiyə olunması məsələsi xüsusilə aktualdır. Biz həm dünya təcrübəsinə, Qərb dəyərlərinə istinad etməli, lakin milli-mənəvi dəyərlərimizi unutmamalıyıq. Bu gənclərdən böyük məsuliyyət tələb edir. Xüsusilə də xaricdə təhsil alan, yaşayan gənclərimiz Azərbaycan dəyərlərinin yayılması istiqamətində işlər görməli, təbliğat aparmalıdır. Vətənpərvərlik hissinin aşılanması, azərbaycançılıq ideologiyasına, dövlətçiliyimizə sadiqliyi müasir dövr gəncindən tələb olunan əsas vəzifədir. Azərbaycan gəncliyi ictimai-siyasi həyatda baş verən proseslərə biganə qalmamalı, dövlətin inkişafına öz töhfələrini verməli, Azərbaycan reallıqlarının dünya birliyinə çatdırılmasında bütöv bir yumruq kimi birləşməlidir. Çünki gənclərimiz dövlətçiliyimizin, gələcək Azərbaycanın qarantıdır.

Nailə Məmmədova

“Azerbaijan Realities” 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 180
avatar

Oxşar yazılar