Milli Məclisin Kürdəmirdən olan keçmiş deputatı, lisenziyası geri alınmış “Debüt bank”ın sabiq rəhbəri Fərhad Qəribov Tibilisidəki kazinoların birində 270 min dollar uduzması barədə Azərbaycan mətbuatında yayılmış xəbərə münasibət bildirib.
Lent.az-ın modern.az-a istinadən məlumatına görə, o, yazılarınları yalanlayıb.
“Mən bilmirəm bunu kim yazır, niyə yazır, məndən nə istəyir. Amma heç maraqlı da deyil. Mən hazırda evimdəyəm, Bakıda”.
F.Qəribov ümumiyyətlə kazinolara getməyi xoşlamadığını vurğulayıb: “Mən kazinoya getməyi xoşlamıram. Mənim təqaüdümü yığsanız, heç o qədər eləməz. Hardandır məndə 270 min dolar ki, onu uduzam?”.
Eks-deputat “axı haqqin.az-da 270 min dollar uduzduğunuz iddia olunan xəbərlə yanaşı, kazinoda çəkilmiş videoda görüntüləriniz də var, buna nə deyirsiniz” sualına deputat “olsun, bunlar məni qətiyyən narahat etmir və maraqlandırmır. Mənim heç 5 manat pulum yoxdur, qaldı ki, 270 min dollarım ola və onu kazinoda uduzam”, - deyə cavab verib.
**
10:06
2005-2015-ci illərdə Kürdəmir seçki dairəsindən Milli Məclisin deputatı olmuş biznesmen, keçmiş bankir Fərhad Qəribov ötən həftə Tiflis kazinolarından birində 270 min dollar uduzub. Lent.az-ın virtualaz.org-a istinadən xəbərinə görə, redaksiyaya Fərhad Qəribovun kazinoda necə qumar oynadığını və uduzduğunu əks etdirən sensasion videokadrlar daxil olub. Həmin videokadrları təqdim edirik.
Fərhad Qəribov 1952-ci ildə Kürdəmirdə anadan olub. 2005-2015-ci illər ərzində Milli Məclisin deputatı olub. Sovet dövründə Meliorasiya və Su Təsərrüfatı Nazirliyinin regional idarəsində müxtəlif vəzifələrdə işləyib. Daha sonra “Azərneftlayihətikinti” istehsalat birliyində rəhbər vəzifə tutub. Müstəqillik illərində isə biznesə girişib və 2000-ci illərin əvvəllərində “Debüt” bankı təsis edib. Habelə “Azəri-Holdinq” maliyyə-sənaye qrupuna rəhbərlik edib. 2005-ci ildə Kürdəmirdən deputat seçilən oliqarx Qəribov formal olaraq biznesdən uzaqlaşıb, bankını və digər biznes aktivlərini övladlarının idarəçiliyinə verib.
Fərhad Qəribovun deputat olduğu 10 il ərzində onun biznesi və faktiki sahibi olduğu bank ətrafında qalmaqallar heç səngiməyib. 2010-cu ildə Mərkəzi Bank “Debütbank” ASC-yə verilmiş bank lisenziyasını geri çağırıb. Bu, bankın fəaliyyətində yol verilmiş ciddi pozutularla bağlı idi. Baş prokurorluğun iki il əvvəl yaydığı rəsmi məlumatda deyilirdi ki, “Debütbank” 2006-2008-ci illərdə Sahibkarlığa Kömək Milli Fondunun müvəkkil kredit təşkilatı kimi fəaliyyət göstərərkən fonddan ayrılmış 3 milyon manata yaxın güzəştli kredit bankın vəzifəli şəxsləri tərəfindən ayrı-ayrı hüquqi və fiziki şəxslərdən saxta biznes planları, hesabat sənədləri qəbul etməklə mənimsənilib.
Mətbuat yazıb ki, Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditlərinin mənimsənilməsi üzrə Fərhad Qəribovun oğlu Elnur Qəribov istintaqa cəlb olunub, dindirilib, onun ölkədən çıxışına “stop” qoyulub. Bəzi məlumatlara görə o vaxt deputat olan Qəribov özü də mənimsəmə işi ilə bağlı istintaqa ifadə verib, baş verənlərdən xəbəri olmadığını iddia edib.
Ötən il Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyevin həbsindən sonra Fərhad Qəribovun oğlunun da həbsi xəbəri yayılmışdı. Lakin o bildirmişdi ki, bu xəbərlər yalandır. F.Qəribovun sözlərinə görə, oğlu Elnur Qəribov 8 il bundan əvvəl Cahangir Hacıyevlə şərik iş qurubmuş. Deputat bildirib ki, sonradan onların işi alınmayıb."O zaman Cahangir Hacıyev oğlumu aldatdı və onların işi alınmadı. Onun barəsində cinayət işi başlanıb. İstintaq zamanı onunla birgə işləyən və vaxtilə şərik olan şəxsləri də çağırıb sorğu-sual edirlər. Bu məqsədlə Elnur Qəribovdan da bu şəriklik barədə soruşublar”, - F.Qəribov jurnalistlərə deyib.