Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanov
10 fevral 2017 17:14 (UTC +04:00)

Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanov

Ötən il, yəni 2016-cı il dekabrın 29-da Azərbaycan-Ermənistan dövlət sərhəddində düşmən təxribatının qarşısını alarkən şəhid olmuş əsgərimiz Çingiz Qurbanovun nəşi  Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, aidiyyəti dövlət qurumları tərəfindən beynəlxalq təşkilatlarla aparılmış müntəzəm tədbirlər nəticəsində 2017-ci il fevralın 5-də düşmən tərəfdən alındı. Şəhidimizlə vida mərasimi 6 fevral tarixində Müdafiə Nazirliyinin Təlim və Tədris Mərkəzində keçirildi, daha sonra isə şəhidimiz ana yurdu olan Qusarda Şəhidlər Xiyabanında dəfn olundu. Fevralın 7-də isə Prezidentin Sərəncamı ilə Çingiz Qurbanov Vətən uğrunda göstərdiyi şücaətə və şəxsi igidliyə görə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görüldü.

Şəhidimizin nəşini təkidlə qaytarmamağa çalışan,  bunu hansısa istintaq və araşdırmanın aparılması ilə əlaqələndirən mənfur düşmənlər yenə özlərini gülünc vəziyyətə qoydular. Mübariz İbrahimovla sarsılan, indiyədək o xofu ata bilməyən düşmən Çingizin simasında bir daha anladı ki, sərhədlərimizi pozmağa çalışan hər bir erməni igidlərimizin müqaviməti ilə üzləşəcək. Bədxah qonşularımız yenə gördü ki, bizim bir əsgərimiz belə, böyük bir düşmən dəstəsini məhv etməyə qadirdir. Çingiz Qurbanov qeyri-bərabər döyüşdə 1 zabit, 2 hərbçi olmaqla üç düşməni məhv etdi. Azərbaycan əsgəri qorxmazdır, son nəfəsinədək düşmənlə vuruşmağa hazırdır. Prezident İlham Əliyev fevralın 9-da şəhid Çingiz Qurbanovun ailə üzvləri ilə şəxsən görüşərək “Azərbaycanın Milli Qəhrəmanı” qızıl ulduzunu Şəhidimizin atası Salman Qurbanova təqdim etdi. Dövlət başçısı bir daha vurğuladı ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və münaqişə yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapa bilər. Prezident Şəhidimizin valideynlərinə minnətdarlıq bildirərək, onun adının əbədiləşdiriləcəyini, hər zaman qəlblərdə yaşayacağını bildirdi. Bu dövlətimizin, o cümlədən Ali Baş Komandanın əsgər taleyinə heç vaxt biganə qalmadığının bir göstəricisidir. 

Danılmazdır ki, Aprel döyüşləri qorxusu düşmənin canında hələ də qalmaqdadır. Aprel döyüşləri sübut etdi ki, ordumuz istənilən vaxt hücuma hazır vəziyyətdə dayanıb. Azərbaycan ordusu və onun arxasında dayanan xalq inamı göstərdi ki, millət olaraq Qarabağ üçün vuruşmağa hazırıq. İşğaldan azad olunan ərazilərdə təmir-bərpa işlərinin aparılmasını, Şəhidimiz Çingiz Qurbanovun böyük ehtiramla dəfn edilməsi, hərbçi üçün ən ali mükafat hesab olunan “Milli Qəhrəman” adı ilə təltif olunmasını, təbii ki, haylar “sakit” qarşılaya bilməzdilər. 7 fevral tarixindən başlayaraq ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlardan, iriçaplı pulemyotlardan və 122 millimetrlik haubitsalardan da istifadə edərək sutka ərzində atəşkəs rejimini ümumilikdə 39 dəfə pozdu. Bununla düşmən cəbhənin başqa istiqamətində həyata keçirməyə cəhd etdiyi diversiyadan diqqəti yayındırmağa çalışırdı. Lakin düşmən yenə də öz mənfur məqsdəini reallaşdıra bilmədi, bölmələrimizin sayıqlığı nəticəsində  layiqli cavabını aldı. Müdafiə Nazirliyinin ermənistan silahlı qüvvələrinin diversiya qrupunun atəşlə məhv edilməsinə dair yaydığı videogörüntülərdə bölmələrimiz tərəfindən erməni diversiya qrupuna atəş açılması, dəstə üzvlərinin panika içində qaçmaları, ölən və yaralıların avtomobillə daşınması, eləcə də hərbi nəqliyyat vasitəsinin məhv edilməsi anı müşahidə olundu.

Bütün bunlar əslində  Ermənistana bir mesajdır: işğal edilmiş torpaqlarımızda heç bir zaman möhkəmlənməyəcəksiniz və münaqişə dondurula bilməz! Çünki Azərbaycanın Çingiz kimi hər an Şəhidlik zirvəsinə ucalmağa hazır olan minlərlə oğulları vardır. Qarabağsız Azərbaycan təsəvvüredilməzdir. Bu Azərbaycanımızın və tariximizin haqq səsidir!

Nailə Məmmədova

“Azerbaijan Realities”

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 240
avatar

Oxşar yazılar