Prezident İlham Əliyev Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında fərman verib.
Lent.az-ı n Azərtac-a istinadən məlumatına görə, fərmana əsasən, “Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihə və pilot layihənin həyata keçirilməsi üzrə tədbirlər planı” təsdiq edilib. (əlavə olunur)
Bundan başqa “Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində icbari tibbi sığortanın baza zərfinə daxil olan tibbi xidmətlərin siyahısı və tarifləri”, “Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində icbari tibbi sığortanın baza zərfi ilə əhatə olunmayan tibbi xidmətlərin siyahısı və tarifləri” təsdiq edilib. (əlavə olunur)
Fərmanda bildirilib ki, Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tabeliyinə verilmiş dövlət səhiyyə sisteminə daxil olan qurumlar (Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin şöbələri, sanitariya və epidemioloji xidmət, əczaçılıq və tibbi təhsil müəssisələri, habelə psixonevroloji və narkoloji dispanserlər istisna olmaqla) tərəfindən həyata keçirilməsi mümkün olmayan icbari tibbi sığortanın baza zərfinə daxil olan tibbi xidmətlərin siyahısı təsdiq edilib. (əlavə olunur)
Fərmanla Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə icbari tibbi sığortanın maliyyələşmə mənbələri ilə bağlı təkliflərini hazırlayıb iki ay müddətində Prezidentə təqdim etmək, Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tabeliyinə verilmiş dövlət səhiyyə sisteminə daxil olan qurumlar (Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin şöbələri, sanitariya və epidemioloji xidmət, əczaçılıq və tibbi təhsil müəssisələri, habelə psixonevroloji və narkoloji dispanserlər istisna olmaqla) tərəfindən həyata keçirilməsi mümkün olmayan icbari tibbi sığortanın baza zərfinə daxil olan tibbi xidmətləri göstərəcək tibb müəssisələrinin “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq seçilməsini və həmin müəssisələrlə müqavilə bağlanmasını təmin etmək tapşırılıb.