Pilot rayonlarda icbari tibbi sığortanın tətbiqi uğurla davam edir. Bu həftə ərzində pilot ərazilərin 3 sakini əməliyyat olunub.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Lent.az-a verilən məlumata görə, döş qəfəsində ağrı və təngənəfəslik şikayəti ilə Yevlax rayon sakini Vahid Əliyev Yevlax Rayon Mərkəzi Xəstəxanasına müraciət edib, aparılan müayinələr nəticəsində xəstəyə ürəyin işemik xəstəliyi, qeyri-stabil stenokardiya diaqnozu qoyulub. Xəstənin bir dəfə miokard infarktı keçirdiyi, ürəyin atım fraksiyasının kritik səviyyədə aşağı olması onun təcili aorta koronar şuntlama əməliyyatına (açıq ürək əməliyyatı) göstəriş olub və əməliyyat uğurla həyata keçirilib. Hazırda xəstənin vəziyyəti stabildir, stasionarda müalicəsi davam edir.
Bildirək ki, prezident İlham Əliyevin Fərmanına əsasən, pilot ərazilərdə rəsmi qeydiyyatda olan şəxs kimi Vahid Əliyev icbari tibbi sığortanın baza zərfindən pulsuz istifadə edib.
Qeyd edək ki, bu, pilot ərazilərdə icbari tibbi sığortanın tətbiqi ilə bağlı bu həftə ərzində edilən 3-cü həyati vacib, dəyəri yüksək olan əməliyyat təminatıdır. Digər iki əməliyyat - invaziv yolla ürək damarlarının angioplastikası və invaziv yolla periferik damarların angioplastika əməliyyatları da uğurla icra olunmuşdur.
Agentliyin icbari tibbi sığorta şöbəsinin müdiri Vüqar Qurbanov xəstəni ziyarət edib, səhhəti ilə maraqlanıb.