Prezident İlham Əliyev Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihənin həyata keçirilməsi ilə bağlı tədbirlər haqqında fərman verib.
Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, fərmana əsasən, Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqi pilot layihə olaraq həyata keçiriləcək.
Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində dövlət səhiyyə sisteminə daxil olan qurumlar (Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin şöbələri, sanitariya və epidemioloji xidmət, əczaçılıq və tibbi təhsil müəssisələri, habelə psixonevroloji və narkoloji dispanserlər istisna olmaqla) bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş pilot layihə başa çatanadək Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (bundan sonra – Agentlik) tabeliyinə veriləcək.
Fərmanla müəyyən edilib ki, pilot layihə başa çatanadək bu Fərmanın 2-ci hissəsi ilə Agentliyin tabeliyinə verilən qurumlara münasibətdə maliyyələşdirmə, aktivlərin inventarizasiyası, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq əmək münasibətlərinin tənzimlənməsi, o cümlədən işçilərin işə götürülməsi, əmək müqavilələrinin bağlanması və xitamı, həkimlərin təkrar sertifikasiyası və digər səhiyyə işçilərinin attestasiyası Agentlik tərəfindən həyata keçiriləcək.
Bu Fərmanın 3.1-ci bəndində göstərilənlər istisna olmaqla, digər səlahiyyətlər Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilir.
Bundan başqa, fərmanla Prezident Administrasiyasına bir ay müddətində aşağıdakı işlər tapşırılıb:
4.1. Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihəni və həmin pilot layihənin həyata keçirilməsi üzrə tədbirlər planının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
4.2. pilot layihənin həyata keçirilməsi nəzərdə tutulan inzibati ərazilərdə icbari tibbi sığortanın baza zərfinə daxil olan tibbi xidmətlərin siyahısı və tarifləri, habelə sığorta haqqının məbləği ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
4.3. pilot layihənin həyata keçirilməsi nəzərdə tutulan inzibati ərazilərdə icbari tibbi sığortanın baza zərfi ilə əhatə olunmayan tibbi xidmətlərin siyahısı və tarifləri ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
5. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
5.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
5.2. bu Fərmanın 2-ci hissəsi ilə Agentliyin tabeliyinə verilən qurumların balansında olan əmlakın pilot layihə başa çatanadək Agentliyin istifadəsinə verilməsini 10 (on) gün müddətində təmin etsin;
5.3. bu Fərmanın 2-ci hissəsi ilə Agentliyin tabeliyinə verilən qurumlara Azərbaycan Respublikasının 2017-ci il üçün dövlət büdcəsində nəzərdə tutulacaq maliyyə vəsaitinin 2017-ci ilin hər rübü üzrə həmin rübün birinci ayının 10-dək Agentliyə ayrılmasını təmin etsin;
5.4. Azərbaycan Respublikasının 2017-ci il üçün dövlət büdcəsində dövlət səhiyyə sisteminə daxil olan qurumların dərman və tibb vasitələri ilə təminatı üçün nəzərdə tutulacaq maliyyə vəsaitindən, bu Fərmanın 2-ci hissəsi ilə Agentliyin tabeliyinə verilən qurumların son iki il ərzində dərman və tibb vasitələri ilə təminatı üçün faktiki orta illik büdcə xərcləri nəzərə alınmaqla, tələb olunan illik vəsaitin 2017-ci ilin hər rübü üzrə həmin rübün birinci ayının 10-dək Agentliyə ayrılmasını təmin etsin;
5.5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını iki ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
5.6. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
5.7. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
6. Agentlik:
6.1. 2017-ci il yanvarın 1-dən pilot layihənin həyata keçirilməsini təmin etsin;
6.2. “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə uyğun olaraq, bu Fərmanın 2-ci hissəsi ilə Agentliyin tabeliyinə verilən qurumların təsisçisinin səlahiyyətlərini həyata keçirsin;
6.3. bir ay müddətində:
6.3.1. bu Fərmanın 2-ci hissəsi ilə Agentliyin tabeliyinə verilən qurumlar tərəfindən həyata keçirilməsi mümkün olmayan icbari tibbi sığortanın baza zərfinə daxil olan tibbi xidmətlərin və həmin tibbi xidmətləri göstərəcək tibb müəssisələrinin siyahısı ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
6.3.2. icbari tibbi sığortanın pilot layihə çərçivəsində həyata keçirilməsi məqsədi ilə aşağıdakıları əhatə edən elektron portal yaratsın və onun fəaliyyətini təmin etsin:
1. icbari tibbi sığortaya cəlb olunmaq üçün tələb olunan sənədlərin siyahısı və icbari tibbi sığortanın şərtləri barədə məlumat;
2. icbari tibbi sığortaya cəlb olunan əhali, tibb müəssisələri və tibb işçilərinə dair mərkəzləşdirilmiş məlumat bazasının yaradılması;
3. əhalinin sığortalanma prosesinin və qeydiyyatının elektron qaydada həyata keçirilməsi;
4. icbari tibbi sığorta çərçivəsində əhaliyə göstərilən tibbi xidmətlərə dair vahid məlumat bazasının yaradılması;
5. icbari tibbi sığorta çərçivəsində tibb müəssisələri tərəfindən göstərilən xidmətlər üzrə maliyyələşmənin elektron qaydada aparılması;
6. bu Fərmanın 7.1–7.8-ci bəndlərində nəzərdə tutulmuş məlumatlara dair bazanın yaradılması;
7. icbari tibbi sığortaya dair tibbi statistikanın elektron qaydada aparılması;
8. sığortalanma, tibbi xidmətlərin həyata keçirilməsi və tibb müəssisələrinə ödənişlər üzrə elektron hesabatların hazırlanması, monitorinq və nəzarətin aparılması.
7. Aşağıda qeyd olunan dövlət orqanları pilot layihənin həyata keçirilməsini təmin etmək məqsədi ilə Agentliyə bu Fərmanla nəzərdə tutulan hədlər daxilində məlumatlara real vaxt rejimində çıxış imkanı yaradılmasını (bu mümkün olmadıqda həmin məlumatların 2 (iki) iş günü müddətində elektron daşıyıcılarda təqdim edilməsini) təmin etsinlər:
7.1. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi:
7.1.0. icbari tibbi sığortaya cəlb olunan şəxslərin şəxsiyyətini təsdiq edən sənəd üzrə məlumatlar;
7.2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi:
7.2.1. icbari tibbi sığortaya cəlb olunan şəxsin iş yeri və gəlirləri üzrə məlumatlar;
7.2.2. icbari tibbi sığortaya cəlb olunan pensiyaçı və işləməyib sosial müavinət alan şəxslər barədə məlumatlar;
7.2.3. icbari tibbi sığortaya cəlb olunan “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz statusu almış vətəndaşlar barədə məlumatlar;
7.2.4. icbari tibbi sığortaya cəlb olunan ünvanlı dövlət sosial yardımı alan şəxslər barədə məlumatlar;
7.3. Azərbaycan Respublikasının Vergilər Nazirliyi:
7.3.1. icbari tibbi sığortaya cəlb olunan fiziki şəxslərin, habelə pilot layihədə iştirak edən hüquqi və fiziki şəxslərin vergi ödəyicisinin eyniləşdirmə nömrəsi barədə məlumatlar;
7.3.2. vergi orqanları tərəfindən qəbul olunmuş gəlir vergisi və ya sadələşdirilmiş vergi bəyannaməsi üzrə məlumatlar
7.4. Azərbaycan Respublikasının Təhsil Nazirliyi:
7.4.0. icbari tibbi sığortaya cəlb olunan ali təhsil müəssisələrində əyani təhsil alan tələbələr, o cümlədən onların təhsil müəssisəsinə qəbul olunma və təhsil müəssisəsini bitirmə tarixləri barədə məlumatlar;
7.5. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti:
7.5.0. icbari tibbi sığortaya cəlb olunan Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq hüququ almış şəxslər, onların məşğulluğu və qeydiyyatı barədə məlumatlar;
7.6. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi:
7.6.1. pilot layihənin həyata keçirilməsi nəzərdə tutulan inzibati ərazilərdə qeydiyyatda olan şəxslərin ölüm faktının qeydiyyata alınmasına dair məlumatlar;
7.6.2 pilot layihənin həyata keçirilməsi nəzərdə tutulan inzibati ərazilərdə doğum faktının qeydiyyata alınmasına dair məlumatlar;
7.7. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi:
7.7.1. pilot layihədə iştirak edən tibb müəssisələrinin adı, ünvanı, göstərdikləri tibbi xidmətlər;
7.7.2. pilot layihədə iştirak edən tibb müəssisələrində işləyən həkimlər, orta tibb heyəti, texniki işçilər və xidmət heyəti barədə məlumatlar (onların iş yeri, vəzifəsi, ixtisası, sertifikasiya şəhadətnaməsinə dair məlumatlar göstərilməklə);
7.7.3. pilot layihənin həyata keçirilməsi nəzərdə tutulan inzibati ərazilərdə səhiyyə sahəsində mövcud dövlət proqramları ilə əhatə olunan şəxslər barədə məlumatlar, o cümlədən şəxsin xəstəliyinin növü və dövlət proqramı ilə əhatə olunduğu müddət üzrə məlumatlar
7.8. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:
7.8.0. pilot layihənin həyata keçirilməsi nəzərdə tutulan inzibati ərazilərdə özəl tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərə verilmiş lisenziyalar üzrə məlumatlar.
8. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Vergilər Nazirliyinə, Təhsil Nazirliyinə, Dövlət Miqrasiya Xidmətinə, Ədliyyə Nazirliyinə, Səhiyyə Nazirliyinə və İqtisadiyyat Nazirliyinə tapşırılsın ki, bu Fərmanın 7.1–7.8-ci bəndlərində nəzərdə tutulan məlumatların Agentliyə təqdim edilməsini təmin etsinlər.
9. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi:
9.1. Agentliyin təklifləri əsasında, bu Fərmanın 2-ci hissəsi ilə Agentliyin tabeliyinə verilən qurumların tibbi avadanlıqlarla təchiz olunmasını Agentliklə razılaşdırmaqla 2017-ci ilin 1-ci rübü ərzində təmin etsin;
9.2. dövlət (tədbirlər) proqramları ilə əhatə olunan xəstəliklərlə əlaqədar dərman təchizatını qanunvericiliyə əsasən təmin etsin.
10. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
10.1. pilot layihənin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2016-cı il üçün dövlət büdcəsinin 5-ci bölməsinin 6-cı köməkçi bölməsinin 280000-ci maddəsindən səhiyyə sahəsində islahatlar üçün nəzərdə tutulmuş 10 000 000 (on milyon) manat vəsaitin 10 (on) gün müddətində Agentliyə ayrılmasını təmin etsin;
10.2. Azərbaycan Respublikasının 2017-ci il üçün dövlət büdcəsinin layihəsinin 5-ci bölməsinin 6-cı köməkçi bölməsinin 250000-ci maddəsindən səhiyyə sahəsinə aid olan digər tədbirlər üçün nəzərdə tutulmuş 20 000 000 (iyirmi milyon) manat vəsaitin dövlət büdcəsi təsdiq olunduqdan sonra 2017-ci ilin yanvar ayı ərzində Agentliyə ayrılmasını təmin etsin.
11. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
12. Bütün mərkəzi icra hakimiyyəti orqanlarına, aidiyyəti dövlət qurumlarına, Mingəçevir və Yevlax şəhər icra hakimiyyətlərinə tapşırılsın ki, bu Fərmandan irəli gələn vəzifələrin icrası ilə bağlı Agentliyə zəruri kömək göstərilməsini təmin etsinlər.