Dekabrın 6-da Bakı şəhərinin Sabunçu rayonundakı Fikrət Tağıyev adına 72 nömrəli məktəb-liseydə “Gömrük və gənc nəsil” mövzusunda şagirdlərlə görüş keçirilib. Lent.az-ın komitənin saytına istinadən məlumatına görə, Azərbaycanda gömrük xidmətinin yaradılmasının 25 illik yubileyi ilə bağlı təşkil olunan tədbirdə Dövlət Gömrük Komitəsi Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəis müavini Səməd Qaralov, həmin idarənin əməkdaşları Əfqan Əliyev və Elçin Rüstəmov iştirak ediblər.
Dövlət Gömrük Komitəsinin əməkdaşları Azərbaycan Gömrük Xidmətinin quru, hava və dəniz yollarında ölkənin iqtisadi mənafeyi və təhlükəsizliyini qoruduğu, qaçaqmalçılıq və gömrük qaydalarının pozulması hallarına qarşı qətiyyətlə mübarizə apardığı, dünyanın inkişaf etmiş ölkələrinin gömrük orqanları və aidiyyəti beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlığın həyata keçirildiyi vurğulanıb.
Tədbirin sonunda məktəbin rəhbərliyi bu kimi görüşlərin şagirdlərin dünyagörüşünün genişlənməsində, onların intellektual səviyyəsinin yüksəlməsində mühüm rol oynadığını bildirib və bu görüşün məhz şagirdlərin təhsil aldıqları məktəbdə keçirilməsi üçün Dövlət Gömrük Komitəsinin rəhbərliyinə minnətdarlığını ifadə edib.