“Sovetski” ərazisində çəkilən yeni kanalizasiya xətlərinin birləşdirilərək əsas kollektora yönəldilməsini təmin etmək üçün Füzuli küçəsinin Şıxəli Qurbanov küçəsi ilə kəsişməsində qazıntı işlərinə başlanılıb.
“Azəryolservis” ASC-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu məqsədlə Füzuli küçəsindən dairəyə doğru çıxış hissə müvəqqəti olaraq bağlanıb. Həmin istiqamətdən gələn avtonəqliyyat vasitələri alternativ olaraq İslam Səfərli küçəsinə yönəldilib.
Bildirək ki, sürücülər həmin yoldan istifadə edərək yenidən Şıxəli Qurbanov küçəsinə çıxa bilərlər.
Nəzərinizə çatdıraq ki, aparılan təmir-tikinti işləri zamanı ərazidə yarana biləcək sıxlığın qarşısını almaq məqsədi ilə hərəkətdə edilmiş daha bir müvəqqəti dəyişiklik edilib. Belə ki, Azərbaycan prospektindən gələn avtonəqliyyat vasitələrinin dairəyə daxil olaraq Mirzəağa Əliyev küçəsinə doğru hərəkəti yalnız Şıxəli Qurbanov küçəsindən istifadə edib geriyə dönməklə mümkündür. Bu üzdən sürücülərin Füzuli meydanında hərəkətdə olarkən diqqətli olmaqları tövsiyyə olunur.
Sözügedən ərazidə işlərin 1 həftə ərzində davam etdirilərək yekunlaşdırılması nəzərdə tutulub.