Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev Fransanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Orelia Buşez ilə görüşüb.
Lent.az-ın FHN-in saytına istinadən məlumatına görə, nazir müavini Azərbaycanda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlər haqqında Fransa səfirinə məlumat verib, bu sahədə beynəlxalq təşkilatlar və Avropa ölkələri, o cümlədən Fransanın uyğun qurumları ilə əməkdaşlıq əlaqələrindən ətraflı bəhs edib. E.Mirzəyev fransız diplomatın diqqətinə çatdırıb ki, Fövqəladə Hallar Nazirliyi Fransanın uyğun qurumları ilə təcrübə mübadiləsi, yanğın təhlükəsizliyi və xilasetmə işinin təşkili sahələrində daha fəal əməkdaşlıq edə bilər.
Səmimi görüşə görə təşəkkürünü bildirən Orelia Buşez Fransanın dövlət strukturlarının Azərbaycanla əməkdaşlığın inkişafında maraqlı olduqlarını bildirib, mülki müdafiə işinin təşkili sahəsində böyük təcrübəyə malik olan fransız qurumlarının azərbaycanlı həmkarları ilə daha sıx əməkdaşlığa hazır olduqlarını söyləyib.
Görüşdən sonra səfir və onu müşayiət edən diplomatlar FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin Böhranların idarə edilməsi zalı və əməliyyat zalı ilə tanış olubar.