Əcnəbi ovçu turistlərin ölkə ərazisində ov edərkən Azərbaycan əhalisinin gözləntilərinə uyğun olmayan qeyri-etik davranışları ilə Azərbaycan xalqının dəyərlərinə hörmətsizlik nümayiş etdirmələri, qanunları pozmaları barədə KİV və sosial şəbəkələrdə yayılan məlumatlar, görüntülər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumlarında təhlil edilib.
ETSN-dən Lent.az-a verilən məlumata görə, yayılan şəkillərin və görüntülərin təhlili onu ehtimal etməyə əsas verib ki, çəkilişlərin bir qismi digər ölkələrdə lentə alınıb. Eyni zamanda, yayılan çəkilişlərdə Azərbaycan ərazilərindən də olan görüntülər əks olunub.
Qeyd edək ki, payız-qış aylarında Azərbaycan ovçularına və xarici ölkələrdən gələn ovçu turistlərə xidmət göstərən Azərbaycan şirkətlərinə, müraciət əsasında qanunvericilik çərçivəsində kvota ayrılır: "ETSN mahiyyət etibarilə ovçuluq fəaliyyətinin məhdudlaşdırılmasının tərəfdarıdır, lakin Azərbaycan qanunlarından irəli gələrək istər yerli, istərsə də xarici ovçular öz hüquqlarından istifadə etməkdə israrlıdır. Həmçinin beynəlxalq öhdəliklərdən, ölkəmizin qoşulduğu Konvensiyalardan irəli gələrək, o cümlədən Nazirlər Kabinetinin 2004-cü il 30 sentyabr tarixli Qərarı ilə əcnəbilərə və vətəndaşlığı olmayanlara ov icazəsi verilməsi təsbit olunub.
Təhlillər göstərir ki, görüntülərdə əks olunan heyvan və quşların içərisində Azərbaycanın “Qırmızı Kitab”ına düşən növlər yoxdur. Mövcud normativlərə əsasən yerli ovçulara 1 ov günü müddətinə 6-dək, xarici vətəndaşlara 5 ov günü müddətinə 10-dək su-bataqlıq quşunun, dovşanın isə yerli ovçulara 1 baş, xarici ovçulara 2 baş ovuna icazə verilir. Xarici turist ovçular əksər hallarda qrup halında ov edir və yekunda ov qənimətlərinin toplum halında şəklini yayır. Yəni ilkin təhlillərə görə, inzibati ölçü götürülməsi üçün ciddi araşdırma aparılması tələb olunur.
Eyni zamanda nəzərinizə çatdıraq ki, yayılan görüntülərlə əlaqədar xaricilərin ovunu təşkil edən şirkətlərin də fəaliyyəti ETSN tərəfindən təhlil olunur. Artıq turizm şirkətlərinə xəbərdarlıq edilib ki, gələn ovçu turistləri əvvəlcədən təlimatlandırsınlar, onları ölkə ərazisində təvazökar, dürüst olmağa, özlərini Azərbaycan əhalisinin gözləntilərinə uyğun aparmağa sövq etsinlər. Ovçuluq etikasına uyğun gəlməyən, davranışları ilə mənəvi-mədəni dəyərlərə açıq hörmətsizlik nümayiş etdirən, ölkə qanunlarını pozan ovçu-turistlərin gətirilməsi faktları aşkar olunduğu təqdirdə həmin şirkətlərlə əməkdaşlıq dayandırılacaq.
Qeyd edək ki, təkcə bu ov mövsümündə ərəb ölkələrindən gələn 16 ovçu-turist ölkənin ov qanunlarını pozduqlarına görə cərimələnib, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təqdimatı əsasında onların ölkədən xaric edilməsi təmin olunub.
ETSN vətəndaşlardan, konkret faktlarla bağlı məlumat olduqda, 168 nömrəli “Qaynar xətt”ə müraciət etmələrini xahiş edir.