Vaxtında atılmış mühüm və uğurlu addım
06 fevral 2017 11:58 (UTC +04:00)

Vaxtında atılmış mühüm və uğurlu addım

 

Azərbaycanda fəaliyyətilə xüsusi seçilən, ictimaiyyətin diqqət mərkəzində olan dövlət qurumları sırasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin özünəməxsus yeri var. Məlum olduğu kimi, sözügedən sahədə idarəetmə strukturunun təkmilləşdirilməsi, onun müasir tələblərə uyğun qurulması məqsədilə, Prezident İlham Əliyevin 13 fevral 2012-ci il tarixli fərmanına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılıb. Beləliklə, bu günlərdə Xidmətin fəaliyyətinin 5 illiyi tamam olur.

Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin mətbuatın cəmiyyətdəki roluna, jurnalistlərlə əməkdaşlığa ciddi əhəmiyyət verməsini təqdirəlayiq hal kimi önə çəkib. Ə.Amaşovun fikrincə, Dövlət Xidmətinin gördüyü işlərin, keçirdiyi tədbirlərin müntəzəm olaraq ictimaiyyətə çatdırılması məhz bunun nəticəsidir. Çağırış-səfərbərlik sahəsində atılan məqsədyönlü addımlar bu konstruktiv əməkdaşlıq hesabına geniş, dolğun və obyektiv şəkildə işıqlandırılır.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə Mətbuat Şurası arasında da səmərəli əlaqələr qurulduğunu bildirən Ə.Amaşov Xidmət rəhbərliyinin və media nümayəndələrinin iştirakı ilə keçirilən geniş formatlı tədbiri xüsusi vurğulayıb: “Ümumiyyətlə, ötən 5 ildə bu Xidmətin media ilə əlaqələri yüksələn xətt üzrə davam edib. Azərbaycan Milli Mətbuatının 140 illik yubileyi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində xüsusi tədbirlə qeyd olunub. Həmin tədbirdə bir qrup media nümayəndəsi “Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərinə görə” diplomu və qiymətli hədiyyələrlə mükafatlandırılıb. Bu isə Xidmət rəhbərliyinin mətbuata, jurnalistlərə diqqətinin, həssas münasibətinin daha bir sevindirici təzahürü kimi qiymətləndirilə bilər”. Mətbuat Şurası sədrinin sözlərinə görə, Xidmətin fəaliyyətilə bağlı diqqətəlayiq cəhətlərdən biri də regionlarda təşkil edilən və böyük maraqla qarşılanan “Vətənin müdafiəsinə hazıram!” devizli tədbirlər silsiləsidir: “Cəmiyyətdə hərbi vətənpərvərlik hissinin yüksəldilməsi naminə keçirilən ümumrespublika rəsm və yazı müsabiqələri də mühüm səciyyə daşıyır. Bu baxımdan, Xidmətin 5 illiyi ilə əlaqədar təşkil olunmuş və yenicə yekun vurulmuş “Sabahın əsgəri” yazı müsabiqəsinin əhəmiyyətini xüsusi vurğulamaq istərdim. Ümidvaram ki, fəaliyyətinin ilk 5 ili uğurlarla yadda qalan Dövlət Xidmətinin nailiyyətləri davamlı olacaq”.

“525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcidin fikrincə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ötən 5 ildəki fəaliyyəti bu qurumun ölkə rəhbərliyinin yüksək etimadını və ictimai gözləntiləri doğrultduğunu sübut edir: “Əlbəttə, böyük bir qurum olan bu Xidmətin fəaliyyətindəki davamlı uğurlar onun rəhbərliyinin yüksək səriştə və peşəkarlığından irəli gəlir. Bu baxımdan da, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılması, səlahiyyətlərinin genişləndirilməsi vaxtında atılmış mühüm və uğurlu addımdır. Dövlət Xidmətinin həm orduya çağırış, həm də gənclərin hərbi xidmətə hazırlığı, yeni nəsildə vətənpərvərlik ruhunun yüksəldilməsi naminə gördüyü işlər olduqca təqdirəlayiqdir. Bu sahədə Xidmət tərəfindən ardıcıl təşkil edilən effektli tədbirlər ümumən mediamızın diqqət mərkəzindədir. “525-ci qəzet” olaraq biz də bütün bu tədbirləri hər zaman həssaslıqla izləyir və işıqlandırırıq. Konkret nümunələr kimi qeyd edim ki, “Əsgərə məktublar” və “Sabahın əsgəri” adlı yazı müsabiqələri son dərəcə faydalı, maraqlı idi. Düşünürəm ki, bu müsabiqələrin həm yeni nəslə, həm də ədəbi mühitə çox müsbət təsiri oldu, kifayət qədər reaksiya doğurdu. İnanıram ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bundan sonrakı fəaliyyətində yeni-yeni uğurlar əldə edəcək”.

 Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyevin fikrincə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti keçən beş il müddətində fəaliyyətini yüksək səviyyədə qurmağa nail olub: "Xidmət ölkədə gənclərin həqiqi hərbi xidmətə yola salınması və qarşılanma prosesini əsl bayram ovqatında keçirir. Azərbaycan Prezidenti, Ali Baş Komandan  İlham Əliyev müvafiq sərəncamları ilə ildə dörd dəfə təşkil olunan bu tip tədbirlər Azərbaycanın bütün şəhər və rayonlarında Xidmətin yerli strukturları tərəfindən uğurla həyata keçirilir. İctimaiyyət nümayəndələrinin, o cümlədən QHT-lərin də yaxından iştirak etdiyi bu tədbirlər ordu ilə xalq arasında çox səmimi və effektiv ünsiyyət vasitəsinə çevrilib. Xidmətin xüsusilə hərbi yönümlü QHT-lərlə yaxından əməkdaşlığı digər dövlət qurumları üçün örnək olacaq səviyyədədir". 

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, “Xalq cəbhəsi” qəzetinin baş redaktoru, politoloq Elçin Mirzəbəyli isə qeyd edib ki, sözügedən qurumun yaradılması bütövlükdə hərbi xidmətə çağırış sisteminə yenilik gətirib: “Müstəqil qurum kimi bu qurumun yaradılması bundan öncə mövcud olan bir sıra neqativ halların aradan qaldırılmasına zəmin yaradıb. Hazırda çağırış prosesin şəffaflığı ölkə vətəndaşları tərəfindən də müsbət qiymətləndirilir”.

E.Mirzəbəyli hesab edir ki, bu sahədə aparılan islahatlar özünü doğruldur və effektiv nəticələr verir: “Xidmətin bütün güc strukturları ilə qarşılıqlı əməkdaşlığında da bu tendensiya nəzərə çarpır. Ona görə də, düşünürəm ki, bu 5 illik fəaliyyət kifayət qədər uğurlu nəticələrlə yadda qalıb”.

Çağdaş cəmiyyətdə media ilə əlaqələrin önəminə toxunan E.Mirzəbəylinin fikrincə, sözügedən qurumun Mətbuat xidməti bu baxımdan üzərinə düşən vəzifələri bacarıqla və lazımi məsuliyyətlə yerinə yetirir.

Dövlət Xidmətinin gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsi, onların hərbi xidmətə hazırlığı ilə bağlı həyata keçirdiyi tədbirləri yüksək qiymətləndirən politoloq bildirib ki, səfərbərlik xidmətinin bu istiqamətdə atdığı addımlar da öz müsbət nəticələrini verməkdədir.

Ehtiyatda Olan Zabitlər Konfederasiyasının sədri, ehtiyatda olan general-mayor Məmmədhüseyn Sarıyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin fəaliyyətini yüksək qiymətləndirir: “Bu Xidmət yarandığı gündən yüksək səviyyəli fəaliyyəti ilə diqqəti çəkib. Son dövrlər ölkədə keçirilən hərbi təlimlər zamanı Səfərbərlik Xidmətinin Müdafiə Nazirliyi, yerli icra hakimiyyəti orqanları  ilə koordinasiyalı fəaliyyəti buna misaldır. Bu təlimlər zamanı uğurla həyata keçirilən səfərbərlik prosesi Dövlət Xidmətinin öz işini günün tələblərinə uyğun qurmasının nəticəsidir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Silahlı Qüvvələrimizin tərkibində özünəməxsus yer tutur. Bu, ehtiyatda olan zabitləri sevindirir. Çünki biz də hər zaman özümüzü Silahlı Qüvvələrin və Səfərbərlik Xidmətinin tərkibində görürük, hər zaman səfərbər olmağa hazırıq”.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu hesab edir ki, adıçəkilən Dövlət Xidmətinin ötən 5 ildəki fəaliyyəti bir sıra uğurlu cəhətlərlə xüsusən yaddaqalan olub: “Xidmətin müasir hərbi çağırış sisteminin formalaşdırılması, səfərbərlik işinin təşkili, eləcə də gənclərdə vətənpərvərlik hissinin yüksəldilməsi istiqamətində yürütdüyü fəaliyyət yüksək qiymətləndirilməlidir. Gənclərin hərbi xidmətə hazırlığı, yeni nəsildə vətənpərvərlik ruhunun gücləndirilməsilə bağlı görülən təqdirəlayiq işlər də bu sıradadır”. Fond sədrinin sözlərinə görə, səfərbərlik xidməti ilə vətəndaş cəmiyyəti institutları arasında mövcud olan sıx və faydalı əməkdaşlıq müsbət nəticələr verməkdədir: “Ölkənin bütün şəhər və rayonlarında gənclərin vətənə hərbi xidmət borcunu yerinə yetirməyə yola salınması, bununla bağlı tədbirlər keçirilməsi artıq ənənə halını alıb. “Vətənin müdafiəsinə hazıram” devizli tədbirlər də ümumi işin xeyrinə olan addımlardandır. Bunların bir neçəsində Xidmətin dəvətilə mən də iştirak etmişəm və müşahidələrim bunu deməyə əsas verir ki, həmin tədbirlər kifayət qədər effekt doğurur. Yeniyetmələr və gənclər belə tədbirlərdə yüksək fəallıqla iştirak edirlər. Ümumiyyətlə bütün bu cəhətlər üzrə baxdıqda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin keçən 5 il ərzində gördüyü işlər uğurlu sayılmalıdır”.

Azərbaycan Qarabağ Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasını bu istiqamətdə müstəsna əhəmiyyətli addım hesab edir. Onun sözlərinə görə, Xidmət birbaşa fəaliyyət sahəsində uğurla çalışmaqdan əlavə, Qarabağ əlillərinə, şəhid ailələrinə, müharibə veteranlarına da xüsusi diqqətlə yanaşır: “Biz 2016-cı ilin aprel hadisələri zamanı səfərbərlik xidmətinin təşkilatçılığı ilə cəbhə bölgəsinə səfərlər etdik. Orada şəhidlərimizin dəfn məsələsinin təşkil edilməsini, Qarabağ əlillərinə və əlil olmuş digər şəxslərə xüsusi yanaşmanı gördük”.

Prezidentin yürütdüyü siyasətə uyğun olaraq Səfərbərlik Xidməti rəisinin Qarabağ əlilləri, şəhid ailələri, müharibə veteranlarına xüsusi diqqət göstərdiyini deyən M.Mehdiyev bildirib ki, general Arzu Rəhimov bölgələrdə qəbul keçirən zaman birinci növbədə bu kateqoriyadan olan vətəndaşları qəbul edir və onların problemlərinin həllinin sürətlənməsində yardımçı olur: “Qarabağ əlillərinin bir hissəsi artıq dövlət xidmətində işlə təmin olunublar. Hətta onların içində idarə rəisi, şöbə rəisi və xidmətin baş idarəsində işləyənlər var”.

Rəhbərlik etdiyi təşkilatla Dövlət Xidməti arasında əlaqələrin yüksək səviyyədə olduğunu diqqətə çatdıran M.Mehdiyev vurğulayıb ki, əməkdaşlıq bu gün də davam etməkdədir.

Müasir həbri çağırış sisteminin formalaşdırılması, gənc nəslin  vətənpərvərlik ruhunda təlim-tərbiyə işlərinin həyata keçirilməsində Səfərbərlik Xidmətinin fəaliyyətini yüksək qiymətləndirən Əfqanıstan Müharibəsi Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev rəhbərlik etdiyi təşkilatla dövlət xidmət arasındakı səmərəli əməkdaşlıq əlaqələrindən də məmnunluqla söz açıb.

Çernobıl Əlilləri İttifaqının sədri Mirhəsən Həsənov isə bildirib ki, sözügedən Dövlət Xidmətinin yaradılması və peşəkar fəaliyyəti sayəsində əvvəllər bu sahədə mövcud olan bəzi problemlər aradan qaldırılıb: “Çernobıl Əlilləri Cəmiyyəti üzvlərinin Xidmətə müraciətlərinə daima diqqətlə yanaşılır və  tez bir zamanda, qanun çərçivəsində, ədalətli həllini tapır”.

M.Həsənov qeyd edib ki, işğal olunmuş torpaqlarımızın düşməndən azad edilməsi istiqamətində aparılacaq hərbi əməliyyatlar zamanı Çernobıl əlilləri vətənin bütövlüyü uğrunda Silahlı Qüvvələrimizin sırasında döyüşməyə hər zaman hazırdır.

20 Yanvar Cəmiyyətinin sədri Sultan Əzimzadə də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bu Cəmiyyətin nümayəndələrinə, onların ailə üzvlərinə həssas münasibətini sevindirici hal kimi önə çəkib.

Vətənpərvərliyin Təbliğinə Dəstək İctimai Birliyinin sədri Şəmistan Əlizamanlı isə bildirib ki, Dövlət Xidmətinin təşkilatçılığı ilə gerçəkləşdirilən “Vətənin müdafiəsinə hazıram” layihəsi olduqca əhəmiyyətli tədbirlər silsiləsidir: “Azərbaycanın bütün bölgələrini əhatə edən bu vacib tədbirlərə mən də böyük həvəslə qatılıram. Öz çıxışlarımla, ifalarımla vətənpərvərlik təbliğatının aparılması işinə töhfə verməyə çalışıram. Bunun üçün yaradılan şərait isə, sözsüz ki, ilk növbədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, onun yerli qurumlarının səmərəli işinin nəticəsidir”.

Ceyhun ABASOV

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 157
avatar

Oxşar yazılar