Dövlət İmtahan Mərkəzinin strukturunun tam formalaşması artıq başa çatmaqdadır.
Dövlət İmtahan Mərkəzinin sektor müdiri Xanlar Xanlarzadə Lent.az-a açıqlamasında deyib ki, DİM-in strukturunun artıq 70%-i formalaşıb: “ Prezident İlham Əliyevin ötən ilin aprelində DİM-in yaradılması haqqında fərmanında qeyd edilən şərtlərdən biri də o idi ki, Dövlət İmtahan Mərkəzi Ədliyyə Nazirliyində qeydiyyatdan keçməlidir. Oktyabr ayının 19-da Mərkəz Ədliyyə Nazirliyində qeydiyyatdan keçdi və bununla da TQDK və Dövlət Qulluğu Məsələləri üzrə Komissiya öz fəaliyyətini yekunlaşdırdı. DİM-in strukturunun formalaşması 70% başa çatıb. Müəyyən sektor və şöbələr yaradılıb, şöbə rəhbərləri təyin olunub”.
X.Xanlarzadə qeyd edib ki, yeni yaradılmış sektorlardan biri də Mətbuatla iş və Elektron kommunikasiya sektorudur: “ Həmin sektorun müdiri vəzifəsinə mən təyin olunmuşam”.
Qurum rəsmisi deyib ki, Dövlət İmtahan Mərkəzi tam formalaşdıqdan sonra təklif edilən xidmətləri göstərməyə hazır olacaq: “Düşünürəm ki, zamanla fəaliyyət sahəmiz getdikcə daha da genişlənəcək”.