Azərbaycanda ödənişsiz əsaslarla təhsil alan tələbələrə təhsil ehtiyacları üçün nəzərdə tutulan kreditlər verilə bilər.
Lent.az-ın Trend-ə istinadən xəbərinə görə, "Maarifçi" Tələbə Kredit Fondundan bildirilib ki, ödənişsiz əsaslarla təhsil alan tələbələrə təhsil haqqı kreditləri istisna olmaqla, digər təhsil ehtiyacları üçün nəzərdə tutulan kreditlər də şamil oluna bilər.
Fonddan qeyd edilib ki, "Maarifçi" Tələbə Kredit Fondunun imkanları məhdud olduğundan və eyni zamanda bakalavrlar təhsil haqqı kreditinə daha çox ehtiyac duyduqlarından növbəti elan sessiyası zamanı bakalavr pilləsində təhsil alan tələbələr üçün kreditlərin ayrılması nəzərdə tutulur.
Fond tələbələrə yataqxana haqqı, tədris materialları, elmi-tədqiqatlar, araşdırma və s. kimi ehtiyac və təyinata görə kreditlər təqdim etməyi planlaşdırır:
"Amma hazırda təhsil haqqı kreditləri daha prioritet hesab olunur. Çünki tələbat əsasən bu istiqamət üzrədir. Təxmin edirik ki, bu təyinat üzrə tələbələrin ehtiyacları növbəti illərdə kifayət qədər ödəniləcək və Fond digər istiqamətlərdə də kreditlərin təqdim olunması planını həyata keçirməyə başlayacaq. Amma hələlik digər kredit növləri üzrə şərtlər məlum deyil”.
Xatırladaq ki, hazırda bakalavr səviyyəsi üzrə ödənişli əsaslarla təhsil alan tələbələrə təhsil haqqının ödənilməsi üçün kreditlər verilir. Tələbələrə kreditlər standart paket olaraq 8%-lə, güzəştli paket olaraq isə 6%-lə təklif olunur. Güzəştli paket üçün kreditin qaytarılma müddəti 120 ay, standart paket üçün 60 aydır. Fond tələbədən təhsil müddəti və güzəşt müddəti ərzində faiz borcunun ödənilməsini tələb etməyəcək. Bu müddət ərzində yığılan faiz borcu əsas məbləğə əlavə olunacaq. Tələbələr kreditləri tələbə təhsilini başa vurduqdan - işlə təmin olunduqdan sonra ödəməyə başlayacaqlar.
Kredit almaq üçün Fonda Azərbaycan vətəndaşı, yaşı 25-dək olan tələbə müraciət edə bilər. Tələbə ali məktəbi bitirdikdən, işlə təmin olunduqdan sonra təhsil haqqını ödəmək imkanı əldə edir. Güzəştli kredit ala biləcək tələbələr ailə başçısını itirmiş ailələrin övladları, sağlamlıq imkanları məhdud olan şəxslərdir.