Dekabrın 1-dən 3-ü gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5° aşağı enəcək.
Dekabrın 1-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Arabir yağış yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 3-5, gündüz 8-11, Bakıda gecə 3-5, gündüz 9-11° isti olacaq.
Azərbaycanın rayonlarında isə sabah arabir yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz bəzi rayonlarda yağıntıda fasilə olacaq. Bəzi yerlərdə duman qeydə alınacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 1-6, gündüz 8-13, dağlarda gecə 0-4, gündüz 4-8° isti olacağı gözlənilir.