Cocuq Mərcanlıya qayıdışda BMT nümayəndələri də iştirak edəcək
31 yanvar 2017 17:58 (UTC +04:00)

Cocuq Mərcanlıya qayıdışda BMT nümayəndələri də iştirak edəcək

 

Prezident İlham Əliyevin “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” fərmanı məcburi köçkünlərin sosial müdafiəsinə yönəlib, şəffaflıq tam təmin edilib, onların aldıqları müavinətin istifadə edilməsi hüququ onların öz sərəncamına verilib.

 

Lent.az-ın məlumatına görə, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Cenevrədəki Baş Qərargahında Avropa Bürosu Direktoru Vinsent Koçetelin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

 

Ə.Həsənov deyib ki, bu isə onların müstəqil həyat tərzi yaşamaları üçün ailə büdcəsinə nəzarət etmələrinə gətirib çıxaracaq.

Komitə sədri işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinin yenidən qurulması ilə bağlı cənab Prezidentin imzaladığı Sərəncam haqqında qonaqlara ətraflı məlumat verərək bildirib ki, Cocuq Mərcanlı kəndi 1994-cü ildə Heydər Əliyevin Ali Baş Komandan kimi rəhbərliyi ilə aparılan uğurlu Horadiz əməliyyatı zamanı işğaldan azad edilib. Ancaq həmin ərazi düşmənin atəşi altında idi. Keçən ilin aprel ayında erməni təxribatının qarşısını almaq məqsədilə həyata keçirilmiş uğurlu aprel əməliyyatı zamanı Lələtəpə yüksəkliyi işğaldan azad edildikdən sonra həmin ərazilərdə yaşayış üçün tam təhlükəsiz vəziyyət yaradılıb.

 

 

O bildirib ki, prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən 1-ci mərhələdə həmin ərazidə tezliklə yeni qəsəbənin, məktəb binasının tikintisinə başlanılacaq: “  Əminəm ki, biz Cocuq Mərcanlı kəndini qısa müddət ərzində yenidən quracağıq. İndi orada təmizlik və minalardan təmizləmə işləri aparılır. Doğma yurdlarına qayıtmaq üçün sakinlərdən 200-ə yaxın ərizə daxil olub və bunun sayı hər gün artır. Beləliklə Böyük Qayıdış Proqramının icrasına Cocuq Mərcanlıdan başlanılır”.


Ə. Həsənov onu da qeyd edib ki,  Prezidentin tapşırığı ilə bu günlərdə ölkədə olan səfirlərin və bütün beynəlxalq təşkilatların nümayəndələrinin də həmin əraziyə səfəri təşkil olunacaq və onlar bir daha erməni vəhşilikləri ilə yerində tanış olacaqlar.

Görüşdə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Cenevrədəki Baş Qərargahında Avropa Bürosu Direktoru Vinsent Koçetelin işğaldan azad olunmuş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin sakinlərinin geriyə qayıdışı prosesində BMT QAK-ın yaxından iştirak etmək istədiyini və bu sahədə öz təcrübələrini bölüşmək istədiklərini bildirib.  Onlar eyni zamanda 2019-cu ildə əhalinin siyahıya alınmasında da yaxından iştirak etmək istəyirlər.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 213
avatar

Oxşar yazılar