Cari ilin aprel-may aylarında ölkənin digər 26 şəhər və rayonunun dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçiriləcək.
Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, qiymətləndirmədə Qax, Qəbələ, Şəki, Zaqatala, Balakən, Oğuz, Yevlax, Ağdaş, Xocalı, Goranboy, Mingəçevir, Naftalan, Göyçay, Kəlbəcər, Ağdam, Füzuli, Bərdə, Tərtər, Beyləqan, Laçın, Ağstafa, Tovuz, Qazax, Zəngilan, Xocavənd, Cəbrayıl şəhər və rayonlarının 50 minə yaxın müəlliminin iştirakı nəzərdə tutulur.
Diaqnostik qiymətləndirmənin nəticələrinə əsasən ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıq səviyyələri müəyyənləşdiriləcək, onların dərs yükü norması və əməkhaqqı artırılmaqla maddi rifahı yaxşılaşdırılacaq. Həmçinin həmin müəllimlərin əlavə təlim ehtiyacları müəyyən olunacaq.
Bununla yanaşı, ilk peşə-ixtisas təhsili müəssisələrinin müəllimləri də qiymətləndiriləcək. İlk peşə-ixtisas təhsili müəssisələrində çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsi daha peşəkar, yüksək bilik və bacarığa malik pedaqoji işçilərin müəyyən edilməsi məqsədi daşıyır.
Bu proses “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq, Nazirlər Kabinetinin ilk peşə-ixtisas təhsili müəssisələri şəbəkəsinin rasionallaşdırılması ilə bağlı qərarına əsasən həyata keçirillir.
.