Mənim bir Tahirə bibim var, onun idealı Boris Polevoyun “Əsl insan haqqında povest”indəki ayaqlarını bombardmanda itirmiş, amma əvvəlkindən daha əzmlə yaşayan qırıcı təyyarəçi Meresyev, mənim idealım isə o özü olmuşdu.
Adi bir kənd məktəbində ingilis dili müəllimi kimi düz qırx yeddi il çalışmış bu qadının zəhmətinin bəhrəsi - əllidən çox şagirdinin məhz onun kimi ingilis dili müəllimliyini seçməsidir. Bunun üzərinə, digər ixtisasları seçmiş olanların da qəbul imtahanlarında mütləq ingilis dilindən də uğurla keçdiklərini əlavə etsək... Zatən, əsl müəllim də elə müəllimdir ki, onun öyrətdiyini sonrakı nəslə ötürmək üçün öyrənən ardıcılları olsun.
Mən ilk böyük ev kitabxanasını məhz həmin bibimin evində görmüşdüm.
Divar boyu düzülmüş şkaflarda bir-birinə sıx söykənmiş kitablar olan otaq mənim ən sevimli məkanım idi. Bibimin evinə gedəndə həmin otaqdan saatlarla kənara çıxmaya bilərdim. Bir də o otaqdakı şkaf siyirmələrinə toplanmış saysız-hesabsız açıqca kolleksiyasını çox sevirdim.
Bu açıqcaların üzərində əsasən gül buketləri olurdu.
İçində isə diyircəkli şagird qələmi ilə yazılmış təbrik mətnləri.
“Əziz müəlliməm, sizi 8 mart qadınlar bayramı münasibəti ilə ürəkdən təbrik edir, uzun ömür, can sağlığı arzu edirəm.”
Təqribən belə mətnlər idi.
Təbrik səbəbi il boyu dəyişən bayramların adına görə fərqli olsa da, motiv dəyişmirdi.
Hə, bir də imzalar müxtəlif olurdu, filan sinif şagirdi filankəsov filankəs, məsələn...
Ya da filan ali məktəbin filan kurs tələbəsi, məsələn.
Ya da filan ildə şagirdiniz olmuş, indi filan məktəbdə müəllim olan filankəs kimi...
Məncə o cür açıqca kolleksiyası o vaxtların bütün müəllimlərinin evlərində toplanardı.
Çünki özümüz də müəllimlərimizə mütləq üstündə gül buketləri, ya da Sovet əsgəri, Sülh göyərçini, Şaxta baba və digər rəsmli açıqcalar çox yazıb bağışlamışdıq.
Mən özüm də müəllim kimi işləmişəm.
Amma mənim belə kolleksiyam olmadı.
İşlədiyim dövr atəşkəsin yenicə başladığı, insanların onları qəfil vurub çökdürmüş müharibə və qıtlıq acısından salamat qurtulmağa cəhd etdiyi illər idi.
Elə bir dövr ki, yağış yağan günlərdə dərs dediyim uşaqların yarıdan çoxu məktəbə gələ bilmirdi.
Çəkmələri olmurdu deyə...
Çəkməsi, dəftəri, çörək üstünə yaxmaq üçün yağı-pendiri olmayan şagirdlərim vardı.
Onlar mənə üstü çiçək buketləri ilə bəzənmiş açıqcalar alıb bağışlaya bilməzdilər.
Və mən dərs dediyim vaxt ərzində bayram günlərində izn alıb, evdə qalırdım.
Şagirdlərim zərrə qədər də olsa utanıb sıxılmasınlar deyə.
Mən onların bəzən arxa partaların küncünə qısılıb quru və yavan çörək gəmirdiklərini də çox görmüşdüm o vaxtlar, özümü görməzliyə vurmuşdum hər dəfə.
Bu xəlvəti çörək gəmirməklər mənim şagirdlərimin mənə və dərsimə qarşı yeganə “sayğısızlığı” olardı, hansına ki mən özüm sayğı ilə yanaşardım.
Bir də onların hər gün mənim işə gəldiyim avtobusu dəstə ilə qarşılamaqları, məni dərsdən sonra eynilə dayanacağa ötürməkləri yadıma gəlir.
Bunun bircə adı vardı – Sevgi.
Dəyəri heç bir toplanmış pul dolu zərflərlə kirlənməyəcək, mahiyyəti heç bir bahalı hədiyyə ilə öləziməyəcək, saflığı və səmimiliyi heç bir yalançı “hörmət”lə kölgələnməyəcək bir hiss yəni.
Və mən əminəm ki, onlar mənə öz xəyallarında saysız-hesabsız təbrik açıqcaları yazmışdılar, bütün bayramlarda...
P.S. Təhsil Naziri Mikayıl Cabbarovun Müəllim günü ilə əlaqədar məktəblərdə pul yığılmasına qarşı mübarizə əzminə sayğı ilə...