155 aztəminatlı məktəbliyə ali məktəbə qəbul olmağa dəstək göstəriləcək
30 noyabr 2016 16:44 (UTC +04:00)

155 aztəminatlı məktəbliyə ali məktəbə qəbul olmağa dəstək göstəriləcək

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən “Gələcəyini Qur” Gəncliyə Dəstək Layihəsinin 3-cü ilinə start verilib. 

 

BŞTİ-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, layihənin əsas məqsədi aztəminatlı ailələrdən olan potensiallı şagirdlərin seçilib ali məktəblərə qəbul olunmasına və onların hərtərəfli fərdi inkişafına dəstək verməkdən ibarətdir. Layihə şagirdlərin ailəsinin sosial vəziyyəti, onların oxuma həvəsi,  bilik və potensialı kimi 3 meyar əsasında həyata keçirilir.

 

Bildirək ki, layihənin 3-cü ilində 5 mərhələli seçim nəticəsində Bakının Binəqədi, Xətai, Suraxanı, Qaradağ rayonları üzrə 170 məktəbdən 2800-dən çox şagird müraciət edib. Onların arasından 155 məktəbli layihənin iştirakçısı adını qazanıb.

 

Layihə çərçivəsində seçilmiş gənclərə 1 il ərzində ali məktəblərə qəbul üçün intensiv hazırlığa köməklik göstəriləcək. Həmçinin, onların fərdi inkişafına xidmət edəcək müxtəlif təlimlərin, görüşlərin və digər tədbirlərin keçirilməsi ilə gənclərdə elmə rəğbət, yaradıcı təfəkkür, dünyagörüşü, özünütəqdimat, ünsiyyət bacarıqları və müvafiq dəyərlərin formalaşmasına dəstək veriləcək.

 

Qeyd edək ki, layihə korporativ sosial məsuliyyət siyasəti çərçivəsində “İTECA Caspian”, “EY”, “Kainat TM”, “Caspian Event Organisers” şirkətlərinin sponsorluğu, Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin dəstəyi ilə həyata keçirilir. Layihənin tərəfdaşları “ADA” Universiteti, “Azərbaycan” Universiteti və Yüksək Texnologiyalar Parkı, icraçısı isə “Legacy CSR Consulting and Management” şirkətidir. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 179
avatar

Oxşar yazılar