Qeyri-sabit hava şəraiti ilə bağlı olaraq “Azəravtoyol” ASC-i Bakı şəhərində balansında olduğu küçə və prospektlərə, o cümlədən respublikanın avtomobil yollarına qarın təmizlənməsinə və buzlaşmanın qarşısını almaq üçün gecə boyu və hazırda da qabaqlayıcı tədbirlər görür.
Qurumda Lent.az-a verilən məlumata görə, qar təmizləyən və qum səpən texnikalar avtonəqliyyat vasitələrinin hərəkətində problem müşahidə olunan ərazilərə cəlb edilir, qarın ən çox yağdığı və buzlaşmanın olduğu ərazilərdə vəziyyətə nəzarət edilir, hərəkətin təhlükəsizliyi təmin olunması məqsədi ilə işlər aparılır.
Bildirilir ki, “Azəravtoyol” ASC-nin balansında olan Bakı şəhərinin küçə və prospektlərində, həmçinin respublikanın avtomobil yollarında həyata keçirilən qabaqlayıcı tədbirlər nəticəsində avtonəqliyyat vasitələrinin hərəkətində hər-hansı bir problem müşahidə olunmur, hazırda da yollarda vəziyyət normaldır.
Ancaq yenə də yollarda hərəkətin fasiləsizliyi və təhlükəsizliyi istiqamətində atılan addımlara baxmayaraq nasaz, şinləri mövsümə uyğun olmayan, şinlərin protektorları yeyilmiş və təcrübəsiz sürücülər tərəfindən idarə olunan avtonəqliyyat vasitələrinin hərəkətində problemlər yaranır. Həmçinin bu cür sürücülər digər hərəkət iştirakçılarının da hərəkətinə mane olmaqla yollarda tıxacların yaranmasına gətirib çıxarırlar və qar təmizləyən texnikaların da hərəkətinə maneçilik törədirlər.
“Azəravtoyol” ASC bir daha hazırlıqsız sürücülərə yollara çıxmamağı məsləhət görür.