“12 yaşadək uşaqların daşınması üçün xüsusi oturacaq (avto-kreslo) tələbi avtobus və taksi sürücülərinə aid deyil”.
Bunu Lent.az-a açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Vaqif Əsədov deyib.
V.Əsədov bildirib ki, bu qaydalar taksi xidməti ilə məşğul olan şəxsi maşınlarda və ictimai nəqliyyatlarla tətbiq edilməyəcək.
Şöbə rəisinin sözlərinə görə, şəxsi maşın idarə edən və xüsusi oturacaq istifadə etmədən azyaşlını ön oturacaqda daşıyan sürücülər inzibati məsuliyyətə cəlb ediləcək: ““Yol hərəkəti haqqında” qanunun 56-cı maddəsində qeyd edilib ki, 12 yaşadək azyaşlı uşaqların maşının ön oturacağında xüsusi oturacaq ( avto-kreslo) olmadan aparılması inzibati məsuliyyət sayılır. Və buna görə sürücü 3 bal və 60 manat cərimə ilə cəzalandırılacaq”.
V.Əsədov onu da qeyd edib ki, avto-kreslolarla bağlı bu qərar arxa oturacaqlara şamil edilməsə də, sürücü özü arxa oturacaqda daşıdığı azyaşlı sərnişinin təhlükəsizliyini təmin etməlidir: “Azyaşlı uşaqların öndə və arxada nəzarətsiz oturmağı yolverilməz haldır və təhlükəlidir. Sürücülər qorxuya düşüb ki, hamısı cərimələnəcək. Bildirim ki, arxa oturacaqda avto-kreslonun olub-olmamağından, sürücünün buna görə məsuliyyətə cəlb edilib-edilməməyindən asılı olmayaraq təhlükəsizlik qaydalarını təmin etmək sürücünün öz işidir. “Yol hərəkəti haqqında” qanunun 37-ci maddəsində konkret göstərilib ki, sürücü özünün və sərnişinlərin təhlükəsizliyini təmin etməlidir. Bir çox inkişaf etmiş ölkələrdə sürücülər arxa oturacaqlarda da azyaşlılar üçün xüsusi oturacaqlardan istifadə edirlər”.
V.Əsədov aydınlıq gətirib ki, azyaşlının arxa oturacaqda da avto-kresloda daşınması ilə bağlı inzibati məsuliyyət nəzərdə tutulmayıb, ancaq sürücü təhlükəsizliyi təmin etməyi bacarmalıdır: “Bizim bu işdə məqsədimiz təhlükəsizliyi təmin etmək, yol qəzalarının sayını aşağı salmaq, qəzaların ağırlıq dərəcələrini yüngülləşdirməkdir”.