AMEA-da artıq əmək haqqları ödənilib
31 mart 2017 18:05 (UTC +04:00)

AMEA-da artıq əmək haqqları ödənilib

 Hesablama Palatasının Kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq dövlət büdcəsindən Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsinə 2014-2015-ci illərdə və 2016-cı ilin yanvar-sentyabr aylarında ayrılmış vəsaitlərin proqnozlaşdırılması və icrası vəziyyəti ilə bağlı həyata keçirilmiş auditin nəticələri üzrə Hesabatı müzakirə edərək təsdiq edib.

 

Lent.az-ın məlumatına görə, audit tədbiri Milli Elmlər Akademiyasının İşlər İdarəsi (İdarə) üzrə ümumilikdə 46390,3  min manat məbləğində vəsaiti əhatə edib.

 

Müəyyən edilib ki, əvvəlki audit tədbirində müxtəlif kitabların alınmasına görə yaranmış debitor borc bağlanılmayıb, 2014-2016-cı illər üçün təqdim olunan büdcə proqnoz layihələrində  İdarənin maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri düzgün qiymətləndirilməyib, bir çox xərclər üzrə əvvəlki illərin baza göstəriciləri əsas götürülərək proqnozlar artımla tərtib edilib, bir sıra xərc maddələrinin icra səviyyəsi aşağı olmuş, “Əməyin ödənilməsi ilə bağlı sair pul ödənişləri” xərc paraqrafı üzrə mükafat məbləği artıq planlaşdırılmış, büdcədənkənar vəsaitlərin məbləği ildən-ilə artımla proqnozlaşdırılsa da, bu gəlirlər (təhsil haqları), əksinə, az daxil olub.

 

Tədbirlərin keçirilməsi zamanı müvafiq normalara bəzi hallarda riayət olunmamış, ilkin təsdiqedici sənədlər tam təqdim edilməyib, işlərin görülməsinə dair aktların məzmunu tədbirlərin xarakterinə uyğun tərtib olunmayıb.

 

İdarə tərəfindən xərclər smetasında nəzərdə tutulmadığı halda işçilərə xarici dil kursunun keçirilməsinə görə təhsil haqqı ödənilib, Beynəlxalq Foruma dəvət olunan qonaqlara ödənilən qonorar məbləği vergiyə cəlb edilməyib, kitabların çapı zamanı artıq xərclərə yol verilməyib.

 

 Müəyyən edilib ki, İdarədə xidməti minik və yük avtomobillərinə normadan artıq yanacaq silinib, yerinə yetirilmiş təmir işləri üzrə işlərin həcminin  artırılması, vəsaitin səmərəsiz xərc edilməsi və eyni zamanda artıq vəsait ödənilməsi hallarına yol verilib.

 

 Qeyd olunub ki, AMEA-nın İşlər İdarəsi tərəfindən maliyyə hesabatları  "Büdcə təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına uyğun olaraq mühasibat uçotunun təşkili və aparılmasına dair Təlimat”ın tələblərinə uyğun tərtib edilməyib, eləcə də hesabatda əsas vəsaitlərin qalığı artıq göstərilib, bəzən istismar müddətini başa vurmamış inventarlar qalıq dəyəri ilə balansdan silini b, təsərrüfat avadanlıqlarının silinməsi düzgün aparılmayıb, həmçinin auditlə əhatə olunan illərdə İdarənin debitor borcu olub, bir halda alış sənədi üzrə əməliyyatın təkrar icrası nəticəsində debitor borcun məbləği azaldılıb, bəzi hallarda isə mövcud debitor borc qalığı  hesabatda  düzgün əks olunmayıb.

 

Hesablama Palatasının Kollegiyası AMEA-nın İşlər İdarəsi tərəfindən yol verilmiş nöqsanların əksər hissəsinin audit dövründə aradan qaldırıldığını nəzərə almaqla qərar qəbul etmiş, auditlə müəyyən edilmiş digər nöqsanların qısa müddət ərzində aradan qaldırmaqla nöqsanlara yol vermiş vəzifəli şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi və görülmüş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsinə Kollegiya qərarının surətinin göndərilməsi qərara alınıb.

Auditin nəticələri barədə Milli Məclisə məlumat təqdim edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 178
avatar

Oxşar yazılar