"Diaqnostik qiymətləndirmədə məqbul nəticə göstərən müəllimlərin əmək haqqında 40%-ə qədər artım gözlənilir". Lent.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdir müavini Eşqi Bağırov 26 şəhər və rayonun dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi ilə bağlı keçirilən mətbuat konfransında deyib. E. Bağırov qeyd edib ki, müəllimlərin maaşının artırılmasında fəxri adlarının olması, iş staji, ali təhsilli olub-olmamasının da təsiri olacaq: " Müəllimlərin maaşındakı bu artım yanvarın 1-dən hesablanacaq. Biz hazırda rayonlarda müəllimlərin maaşlarını hesablayan baş mühasiblər üçün təlimlər keçiririk".
E. Bağırov qeyd edib ki, bu il hər rayon üzrə 100-200 arası müəllim diaqnostik qiymətləndirməyə cəlb olunub ki, onların da 40-50 nəfəri bu il yeni işə qəbul olunan müəllimlərdir: "Yerdə qalanları isə ötən il müəyyən səbəblərdən diaqnostik qiymətləndirmədə iştirak edə bilməyən müəllimlərdir. Ötən il 10 %-dən aşağı nəticə göstərən müəllimlərin sayı qiymətləndirmədə iştirak edən ümumi müəllimlərin sayının 1%-ni təşkil edib".