Azərbaycanda meyitdən orqan köçürülməsinə nə zaman başlanacaq?
Azərbaycanda meyitdən orqan köçürülməsinin tətbiqinə bu il və ya gələn il ərzində nail olmaq mümkün olacaq.
Lent.az-ın Trend-ə istinadən xəbərinə görə, bunu Trend-ə Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev deyib.
M.Quliyev bildirib ki, bununla bağlı artıq işlər aparılır. Deputatın fikrincə, Azərbaycanda elektron səhiyyənin tətbiqi meyitdən orqan köçürülməsinin reallaşmasını asanlaşdıracaq:
“Əgər vəfat edən şəxs sağlığında öldükdən sonra orqanlarının köçürülməsinə razılığının olması barədə vəsiyyətnamə qoyubsa, artıq xəstənin yaxınlarını köçürmə üçün axtarmaq lazım deyil. Çünki meyitdən orqan götürülməsi qısa vaxt ərzində - bir neçə saat ərzində baş tutmalıdır. Elektron səhiyyə donorun sağlığında notarial qaydada razılığının olub-olmamasını tez bir zamanda müəyyən etməyə kömək edəcək. Eyni zamanda, elektron səhiyyə sayəsində orqanları götürülən donorun qan qrupu, orqanın immunitet xüsusiyyətləri, onu kimin orqanizminə köçürməyin mümkünlüyü barədə operativ məlumat əldə etmək mümkün olacaq”.
Qeyd edək ki, "İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında" qanuna əsasən, şəxs sağlığında donorluğa yazılı razılığını bildirərsə, ölümündən sonra transplantasiya məqsədilə onun orqan və (və ya) toxumalarından istifadə oluna bilər. Şəxs bu məsələyə münasibətini bildirməyibsə, ölümündən sonra yaxın qohumlarının və ya qanuni nümayəndələrinin icazəsi ilə onun orqan və (və ya) toxumalarının götürülməsinə yol verilir. Şəxs sağlığında donorluqdan yazılı şəkildə imtina edibsə, ölümündən sonra ondan transplantasiya məqsədilə orqan və (və ya) toxumaların götürülməsinə yol verilmir.
148