Dekabrın 27-də Muzey Mərkəzinin Sərgi Qalereyasında Dövlət Gömrük Komitəsinin əməkdaşı, həvəskar fotoqraf Aydın Mehdiyevin “Gömrükçü həyatı” adlı fərdi fotosərgisi keçiriləcək. Lent.az-ın Dövlət Gömrük Komitəsinin saytına istinadən verdiyi məlumata görə, sərginin açılış mərasimi saat 16.00-da olacaq.
Dövlət Gömrük Komitəsinin yaradılmasının 25 illiyi münasibətilə təşkil olunan “Gömrükçü həyatı” adlı fotosərgidə Dövlət Gömrük Komitəsinin əməkdaşı Aydın Mehdiyevin müəllifi olduğu 120 şəkil sərgilənəcək.
Müəllif fotokameranın yaddaşına gömrük əməkdaşlarının gündəlik iş fəaliyyətilə bağlı məqamları köçürüb.
Şəkillər 2016-cı ilin oktyabr-noyabr aylarında, bir neçə gün ərzində Bakı Baş Gömrük İdarəsi, Hava Nəqliyyatında Baş Gömrük İdarəsi, Astara, Balakən, Biləsuvar, Tovuz, Xaçmaz, Culfa, Sədərək, Şahtaxtı və digər gömrük idarələrində çəkilib.
Fotolarda Azərbaycan Gömrük Xidmətinin inkişaf etmiş infrastruktura malik olmaqla - quru, hava və dəniz yollarında ölkəmizin iqtisadi mənafeyini və təhlükəsizliyini hansı səviyyədə qorumasından, qaçaqmalçılığa qarşı necə mübarizə aparmasından, ümumiyyətlə, gömrük əməkdaşlarının fəaliyyətindən bəhs edilir.
Azərbaycanda indiyədək bir sıra sərgiləri keçirilən Aydın Mehdiyev, eyni zamanda, ölkə xaricində təşkil olunan fotosərgilərə qatılıb.
BP şirkətinin Avropa paytaxtlarında - London, Paris, Cenevrə və digər şəhərlərdə keçirdiyi “Azərbaycan obyektivdə” adlı fotosərgidə iştirak edib, ABŞ-ın nüfuzlu “View Bug” fotomüsabiqəsində isə onun əsəri peşəkar fotoqrafların müsabiqəyə təqdim etdiyi 116 min foto arasında ilk onluğa düşüb.
2012-ci ildə Azərbaycanda “İlin fotoqrafı” adını qazanan Aydın Mehdiyev həmin ildə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində “Azərbaycan diasporu Rusiyada” adlı fotosərginin iştirakçısı olub, həmçinin Sankt-Peterburq şəhərindəki B.N.Yeltsin adına Prezident Kitabxanasında keçirilən fotomüsabiqədə “Müasir texnologiyalar” nominasiyası üzrə I yerə layiq görülüb.
18 ildən artıq gömrük orqanlarında xidmət edən Aydın Mehdiyev elmi nailiyyətləri ilə də diqqət çəkir. Fizika-riyaziyyat elmləri namizədi, texnika elmləri doktoru olan Aydın Mehdiyev 56 elmi məqalənin, iki kitabın müəllifidir.
Sərgi dekabrın 30-dək davam edəcək.