Cari ilin yanvar-oktyabr aylarında görülən tədbirlər nəticəsində Dövlət Əmək Müfəttişliyi Xidməti 787,3 min manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişin işəgötürənlər tərəfindən işçilərə ödənilməsini təmin edib.
ƏƏSMN-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, həmin məbləğin 94,6 faizi gecikdirilmiş əmək haqlarından, 3,2 faizi işəgötürənlər tərəfindən ödənilməli olan sosial müavinət və kompensasiyalardan, qalan hissəsi isə zərərə görə ödənclərdən ibarət olub.
Həmçinin yanvar-oktyabr aylarında qanunvericiliyin tələbləri pozulmaqla işdən azad edilmiş 20 nəfər vətəndaşın Xidmət tərəfindən yenidən öz əvvəlki işlərinə bərpa olunması təmin edilib.
Bundan başqa, xidmətin əməkdaşları vətəndaşların əmək hüquqularının təmin olunması, o cümlədən sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi, əmək müqaviləsinə xitam verilməsinin əsasları və qaydaları ilə bağlı aidiyyəti işəgötürənlərə hüquqi izahatlar veriblər.