<b>"Təfəkkür"ün tələbələri özəl universitetlərə köçürüləcək </b>
17 yanvar 2017 12:18 (UTC +04:00)

"Təfəkkür"ün tələbələri özəl universitetlərə köçürüləcək

Təhsil naziri Mikayıl Cabbarov Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin tələbə kontingentinin digər ali təhsil müəssisələrinə yerləşdirilməsinin təşkili üzrə işçi qrupunun yaradılması barədə əmr imzalayıb.

 

Lent.az-ın məlumatına görə, əmrə əsasən, 2016-2017-ci tədris ilində "Təfəkkür" Universitetini müvəffəqiyyətlə bitirmiş məzunlara universitet tərəfindən diplomların verilməsi təmin ediləcək.

 

Təhsil Nazirliyindən Lent.az-a bildirilib ki, hazırda Təfəkkür Universitetində 750 tələbə təhsil alır. Onlardan 124 nəfər IV kursda təhsil alır və bu ilin məzunlarıdır.

Nazirlikdən o da bildirildi ki, universitetin tələbələrinə seçim olaraq əsasən özəl universitetlər təqdim ediləcək. Tələbələrin köçürüləcəyi universitetlərin dəqiq siyahısı qış imtahan sessiyası başa çatdıqdan sonra dəqiqləşəcək. 

 

Bildirək ki, tələbələrə ixtisasları, habelə qəbul imtahanlarında topladıqları balları nəzərə alınmaqla müvafiq ali təhsil müəssisələrində maneəsiz yerləşdirilməsi üçün lazımi şərait yaradılacaq. Eyni zamanda köçürüləcək universitetlərdə onlar üçün təhsil haqqının artımına yol verilməyəcək.

 

Qeyd edək ki, Təfəkkür Universitetinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul edilib. Elm və Təhsil Mərkəzi Təfəkkür Universiteti 2016-cı il oktyabr ayının 11-də Təhsil Nazirliyinə müraciət edərək, Universitetin Təsisçilər Şurasının maliyyə vəziyyətində yaranmış problemlərlə əlaqədar fəaliyyətinin dayandırılması barədə qərarın qəbul edildiyini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 349
avatar

Fərizə Əhmədova

Oxşar yazılar