Təhsil Nazirliyi Nazirliyin birbaşa tabeliyində olan təhsil müəssisələrində təhsil, təlim və tərbiyə alan, mövcud qanunvericiliyə uyğun dövlət təminatında olan təhsilalanların aprel-dekabr ayları ərzində keyfiyyətli hazır isti yeməklə təchizatı ilə bağlı iş və xidmətlərin satın alınması məqsədi ilə açıq tender prosedurunu elan edib.
Nazirlikdən Lent.az-a verilən məlumata görə, keyfiyyətli hazır isti yeməklə təchizat ilə bağlı iş və xidmətlər 51 təhsil müəssisəsini əhatə edəcək.
Bildirilib ki, təhsil müəssisələrində təhsil, təlim və tərbiyə alan, mövcud qanunvericiliyə uyğun dövlət təminatında olan təhsilalanların keyfiyyətli hazır isti yeməklə təchizatı zamanı Nazirlər Kabinetinin 09.03.1994-cü il tarixli 103 nömrəli, 21.11.1994-cü il tarixli 402 nömrəli və 18.09.1995-ci il tarixli 206 nömrəli qərarları ilə müəyyənləşdirilmiş qida normativlərinə riayət olunmalıdır.
Açıq tender proseduru martın 28-də saat 12-00-da iddiaçıların və ya onların səlahiyyətli nümayəndələrinin iştirakı ilə Təhsil Nazirliyinin iclas zalında keçiriləcək. Açıq tender proseduru "Dövlət satınalmaları haqqında" Qanuna uyğun olaraq keçiriləcək. Tender iştirakçıları tərəfindən "Dövlət satınalmaları haqqında" Qanunun və Əsas şərtlər toplusunun tələblərinə uyğun gəlməyən tender sənədlərinin və təkliflərinin təqdim edilməsi həmin sənədlərin və təkliflərin kənarlaşdırılmasına səbəb ola bilər.