4 sayt barəsində araşdırma aparılacaq - <span style="color:red;">REKETLİYƏ GÖRƏ
28 dekabr 2016 18:56 (UTC +04:00)

4 sayt barəsində araşdırma aparılacaq - REKETLİYƏ GÖRƏ

Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyası 2016-cı ildə son iclasını keçirib.

 

Şuradan Lent.az-a verilən məlumata görə, Jurnalistlərin Həmkarlar İttifaqının (JUHİ) rəhbəri Müşfiq Ələsgərli dekabrın 28-də düzənlənən həmin tədbirdə öncə müzakirəsi tövsiyə olunan müraciətlər barədə məlumat verib. İclasın gündəliyinə 6 məsələnin daxil edilməsi qərarlaşdırılıb.

 

Komissiya üzvləri əvvəlcə Beyləqan rayonunun Təzəkənd kənd sakini Gülnar Yusifova barədə şər və böhtan dolu «ayantv.com» saytında yazının yayımlanması ilə bağlı müraciəti müzakirə ediblər. Məlumat verilib ki, saytda baş redaktorun Anar Ayvazlı olduğu göstərilsə də o, telefon əlaqəsi zamanı bundan və nömrəsinin niyə orada göstərildiyindən xəbərsiz olduğunu deyib.

 

Cavabdeh tərəfin iştirakı olmadan keçirilən iclasda müəyyənləşdirilib ki, qadının, ananın və ziyalının əxlaqa sığmayan tərzdə təhqirinin kökündə jurnalist peşəsi ilə bir araya sığmayan maraqlar dayanır. «Ayantv.com»un yayımladığı materialların əksəriyyətində peşə etikasının tələbləri gözlənilmir. Buna görə də məsələyə MŞ-nin «Reket jurnalistika»ya qarşı  mübarizə Komissiyasında da baxılması  məntiqi sayılıb. 

 

 İclasda «brifinq.az» saytı barədə də eyni ölçü götürülüb. Bildirilib ki, şikayət doğuran yazının 10 sentyabr 2016-cı ildə orada «ayantv.com»a istinadla, bir gün sonra istinadsız verilməsi həmin elektron media vasitəsinin də maraqlı tərəf olduğuna diqqəti çəkməkdədir. O da vurğulanıb ki, təsisçi Bahadur Eyyub oğlu Seyidov «brifinq.az»ı belə əməllər üçün cavabdehlikdən yayındırmaq məqsədi ilə saytda qəsdən rekvizitləri yerləşdirməyib. Bu isə «Kütləvi informasiya vasitələri haqqında» Qanunun tələblərinin pozulması deməkdir.

 

İclasda Mingəçevir şəhər 6 saylı tam orta məktəbin «liderpress.az» saytı ilə bağlı şikayətinə da oxşar məqamların səbəb olduğu göstərilib. Belə rəyə gəlinib ki, yayımladığı məlumatlarının əksəriyyətində «Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları»nın tələblərinin pozulması ilk növbədə jurnalistika barədə elementar anlayışların, məsuliyyət hissinin olmamasından qaynaqlanır. Saytın əsasən əhatə etdiyi Mingəçevir şəhərində mənfi imicə malik olması onun haqqında da məsələnin Şuranın «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasında baxılmasını zəruriləşdirir.

 

Komissiya üzvləri «vetenperverler.az saytı (baş redaktor Qərib Azadxanlı) barədə son vaxtlar Mətbuat Şurasına şikayətlər daxil olmasının da  həmin KİV haqqında belə ölçü götürülməsinə əsas verdiyi razılığına gəliblər. Şəki rayonunun Qoxmuq kənd orta məktəbinin saytla əlaqədar müraciətinin müzakirəsi belə rəyin qəbulu ilə yekunlaşıb.

 

Naftalan Şəhər İcra Hakimiyyətinin «starnews.az» saytından şikayətinə baxılarkən komissiya cavabdeh tərəfin etik prinsiplərin bir sıra tələblərinə sayğısız yanaşması barədə  rəy qəbul edib. 

 

Komissiya üzvləri Azərbaycan Milli Kulinariya Mərkəzinin və Azərbaycan Milli Kulinariya Assosiasiyasının «Xəzər» TV-də gedən «Ləzzət ovçusu» verilişi ilə bağlı MŞ-yə ünvanladıqları müraciətə  də münasibət bildirib.

 

Çıxarılan rəydə qeyd olunur ki, bu məsələyə baxılması Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurasının səlahiyyətindədir. Buna görə də müraciətin həmin quruma göndərilməsi məqsədəmüvafiq sayılıb.   

# 246
avatar

Oxşar yazılar