Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində aztəminatlı ailələrin fərdi təsərrüfatlarının yaradılması üçün onların mal və materiallarla təmin olunmasına başlanılıb.
ƏƏSMN-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, proqram çərçivəsində aztəminatlı ailələrin özünüməşğulluğunun dəstəklənməsi istiqamətində ilk tədbir olaraq Tərtər, Hacıqabul və Laçın rayonları üzrə bir qrup işsiz və işaxtaran vətəndaşa mal və materiallar təqdim edilib.
Tədbirdə BƏT-in Şərqi Avropa və Mərkəzi Asiya üzrə direktoru Olqa Kulayevanın videomüraciəti olub. Azərbaycanda aktiv əmək bazarı proqramlarının genişləndirilməsini yüksək dəyərləndirən O.Kulayeva ölkədə özünüməşğulluq proqramının icrasının BƏT tərəfindən daim dəstəkləndiyini vurğulayıb. O, proqramın uğurlu nəticələr verəcəyinə, mal və materiallarla təmin olunan insanların fərdi təsərrüfatlarını inkişaf etdirərək gələcəkdə uğurlu ailə bizneslərini quracaqlarına əminliyini ifadə edib.
Artıq 10 rayon (Laçın, Tərtər, Hacıqabul, Ağcabədi, Beyləqan, Xocavənd, Ağsu, İsmayıllı, Qəbələ, Göyçay) üzrə ümumilikdə 126 nəfər iştirakçının biznes planlarının reallaşdırılması üçün tələb olunan aktivlərin alınaraq iştirakçılara təqdim olunması prosesinə başlanılıb. Həmin rayonlardan Laçın rayonu üzrə 12 nəfər, Tərtər rayonu üzrə 11 nəfər, Hacıqabul rayonu üzrə 8 nəfər, ümumilikdə 31 nəfər iştirakçıya biznes planlarına uyğun olaraq fərdi təsərrüfatlarının qurulması üçün mal və materiallar alınıb verilib. Bu proses ölkənin digər rayon və şəhərlərində də davam etdiriləcək.
Nəzərinizə çatdıraq ki, özünüməşğulluq proqramı çərçivəsində 1500 nəfərə yaxın işsiz və işaxtaran vətəndaşın ailə biznesinin qurulması yolu ilə aztəminatlı ailələrin əmək qabiliyyətli üzvlərinin özünüməşğulluğu təmin olunacaq. Həmin insanların ailə bizneslərini təşkil etdikdən sonrakı dövrdə də təsərrüfatlarını necə idarə etdikləri müşahidə altında saxlanılacaq. Müvafiq hallarda onlara öz təsərrüfatlarını inkişaf etdirmələri, uğurlu biznes qura bilmələri üçün lazımi məsləhətlər, tövsiyələr veriləcək, bunun üçün zəruri institisional işlər aparılacaq.