“Bu çox ağır hadisədir, baş verməyə bilərdi. Müəyyən şeylər var ki, açıqlanmamalıdır. Çünki istintaq gedir”.
Lent.az xəbər verir ki, bunu İctimai Televiziyada yayımlanan “Sabaha saxlamayaq” verilişində polis şöbəsində baş verən qətllə bağlı danışan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.
Onun sözlərinə görə, baş vermiş qətllə bağlı müvafiq ekspertizalar təyin edilib, zəruri istintaq hərəkətləri davam etdirilir: “Cinayət işi başlanıb, İstintaq gedir, şahidlər dindirilir. Biz bir məsələ üzərində fokuslanmamalıyıq. Cəmiyyətdə bu cür ağır hadisələr baş verib. Bu gün informasiya yayan vasitələr çoxalıb deyə dərhal ictimailəşib. Bu gün biz axtarmalıyıq ki, necə edək ki, bu cür hallar baş verməsin. İnsanın ictimai kimliyi onu hadisədən, düşdüyü situasiyadan sığortalamır.
Necə olub ki, xidmətdə olan və intizamlı adam bu cür hala gətirilib çıxarılıb. Bu məsələyə elə yanaşmalıyıq ki, cəmiyyətdə bu hallar baş verməsin. Orada polisin özünü öldürməsi də ola bilərdi”.
Elşad Hacıyev
E.Hacıyev qeyd edib ki, İ.Məmmədov xidmətdə olan zaman nümunəvi əməkdaş olub: “İşlədiyi müddətdə hər hansı intizamsızlığı olmayıb. Polis əməkdaşları da onun ailəsində narazılığın olmasını bilməyib”.
O qeyd edib ki, bu cür halların baş verməməsi üçün tədbirlər görülür.
Qeyd edək ki, sentyabrın 30-u səhər saat 9 radələrində Nizami rayon Post Patrul Bölüyünün polis nəfəri, İsmayıl Məmmədov ondan şikayətə gələn arvadı 26 yaşlı Xanım Məmmədovaya 24-cü Polis Şöbəsində tabel silahla çoxsaylı atəş açaraq onu qətlə yetirib.