Qızım siçanlarla yatırdı, gecə ayılıb görmüşəm ki... Gənc anadan tükürpərdici etiraflar – REPORTAJ
12 mart 2021 16:06 (UTC +04:00)

Qızım siçanlarla yatırdı, gecə ayılıb görmüşəm ki... Gənc anadan tükürpərdici etiraflar – REPORTAJ

“Siçanlarla dolu otaqlar, təsəvvür edirsiniz? Artıq anladım ki, Xəyal məndən istifadə edib, aldadıb. Azərbaycana gələndən sonra hər şey alt-üst oldu. Ömrümdən  silmək istədiyim günləri Azərbaycanda yaşadım”.

Bunu Lent.az-a “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinə sığınan Tacikistan vətəndaşı Tabarova Mukarama Rizobekovna deyir. Şəmkir rayonunun Seyfəli kəndindən olan həyat yoldaşı Xəyal ilə Moskvada tanış olub, Mukarama. Bir müddət orada yaşayıblar.

24 yaşlı qəhrəmanımız 2 ildir ailə həyatı qurub. Bu müddət ərzində yalnız 6 ay xoşbəxt yaşadığını deyir:

“Moskvada bazarda iş axtaranda tanış olduq. Bir-birimizi sevirdik. Sonra qeyri-rəsmi ailə qurduq. İlk aylarda hər şey yaxşı idi. Qızıma hamilə qalanda öyrəndim ki, məndən öncə Moskvada bir rus xanımla da vətəndaş nikahı ilə ailəli olub. Xalasının adını verib, Leyla. Onunla da eyni problem olub. Rus qadın mənimlə danışanda demişdi ki, uşaq evdə ac olurdu, işləmirdi. O, həm işləyib kirayə pulunu ödəyirdi, həm də evə, uşağa baxırdı”. 

Tacikistan vətəndaşı Tabarova Mukarama Rizobekovna

İlk vaxtlarda Xəyal həmin uşağın şəkilini bacısının qızı kimi təqdim edir. Mukarama həqiqəti təsadüf nəticəsində öyrənir və həyatında yalanlar bununla da bitmir. Xəyal Azərbaycanda ev tikdirdiyini deyərək, Moskvada qaldıqları zaman evin kirayə, kommunal və gündəlik qida xərcləri Mukaramanın ödəməsini istəyir. Deyir, onu çox sevdiyimdən dediyi hər bir sözə quran ayəsi kimi inanırdım.

2019-cu ilin sentyabr ayından Moskvadan Şəmkir rayonun Seyfəli kəndinə gəlirlər. Bura gəlməmişdən öncə Azərbaycanda yaxşı, rahat bir evinin olduğunu düşünür Murakama. Amma... “Ömrümdən  silmək istədiyim günləri Azərbaycanda yaşadım” deyir, tacikistanlı qəhrəmanım:

“Gələndə evi gördüm, inanmadım. İki otaqlı, köhnə, uçuq-sökük bir ev. Siçanlarla dolu otaqlar, təsəvvür edirsiniz? Artıq anladım ki, Xəyal məndən istifadə edib, aldadıb. Azərbaycana gələndən sonra hər şey alt-üst oldu. Yoldaşım içkiyə qurşandı, pis vərdişləri yarandı, evə gec gəlir, uşaqla maraqlanmır, məni hər gün səbəbsiz yerə döyürdü.
Onun zarafatı belə döymək idi, inanırsınz? Uşaq ağlayanda məni çimdikləyə-çimdikləyə döyürdü, qollarımı, başımı yumruqlayırdı.
Qızımın siçanlarla yatırdı, inanın. Neçə dəfə gecə ayılıb görmüşəm ki, siçan uşağın “butulka”sının rezinini yeyib. Mən belə bir şəraitdə hər şeyə dözdüm ki, uşağım atasız böyüməsin”. 

Nigar Adil və Tacikistan vətəndaşı Tabarova Mukarama Rizobekovna

Bütün çətinlikləri qızı dünyaya gələndən sonra yaşasa da, elə hər əzaba övladına görə dözüb, uşağın maddi tələbatlarını, evin gündəlik xərclərini təmin etmək üçün tikişlə məşğul olur, corab, jaket toxuyub satıb.

“Günə ən az 10 manat qazanırdım. Pulum olanda, uşağın, evin ehtiyaclarını ödəyəndə demək olar ki, heç bir problem olmurdu. Arada anam, atam da dəstək olurdu. Amma belə yaşamaq olmaz, axı... Yoldaşım bütün qazandığını içkiyə, pis vərdişlərə xərcləyirdi və hər dəfə içkili gələndə məni döyürdü. Azərbaycana gələndən artıq mənimlə əvvəlki kimi deyildi. Hər gün ona sual verirdim ki, məni çox istəmirsən? O da “Yox”, deyirdi. Sonra bildim ki, həyatında kimsə var, onunla danışır, görüşür”... 

Ailəsi dağılmasın deyə dəfələrlə bir yerdə yaşadığı qayınanasından yardım istəyir. Aldığı cavabı indi də göz yaşları ilə xatırlayır:

“Anasına nəsə deyəndə oğlunun tərəfini saxlayırdı. Hər dəfə mənə: “Yaxşı edir içir! Sənə nə, sən kimsən?! Səni mən gətirmişəm! Toyla gəlmisən ki, göstəriş verirsən oğluma? Qəbul edirsənsə qal, etmirsənsə, get”.

Danışmağa çətinlik çəkir Mukarama. Keçmişini unutmaq istəyir qəhrəmanım. Bundan sonrakı arzuları, xəyalları ancaq Tacikistanla bağlıdır. Hər cümləsində vətəninə gedəcəyi günü səbirsizliklə gözlədiyini deyir.

Tacikistan vətəndaşı Tabarova Mukarama Rizobekovna

Tacikistanın ölkəmizdəki səfirliyi sayəsində sığınacağa gələn Mukarama və 11 aylıq qızının vətəninə getmək üçün sənədləri hazırlanır. İki ildir evindən, ailəsindən ayrı düşən Mukarama Tacikistana gedəndə ilk torpağını, anasını qoxulayacağını, deyir:

“Onun üçün çox darıxıram. Anamın da ən böyük arzusu mənim, uşağımın sağ-salamat vətənimizə qayıtmağımızdır. Bundan sonra istəyirəm ki, övladımla birgə vətənimdə, atamla, anamla birgə yaşayım. Martın 31-i qızımın bir yaşıdır. Ad gününü valideynlərimlə qeyd etmək istəyirəm. İnşallah, o zamana qədər bütün sənəd işlərimiz həll olar və gedərik. Anamın yanında olanda hər şeyin yaxşı olacağına inanıram.
Sağ olsun, Mehriban xanım, Tacikistan səfirliyi həftədə iki dəfə gəlib mənimlə, qızımla maraqlanırlar. Burada da hamı mənə yaxşı davranır. Amma nə olursa-olsun bura mənim vətənim deyil”.
 
Söhbət əsnasında Mukarama Tacikistan planlarından danışır. Deyir, ilk işi qızının adını dəyişməli olacaq. Atası Qumruya öz anasının adını verib, amma Mukarama qızının adını dəyişib Mərvə qoymaq istəyir.
Bir də qızı doğulandan dəyişən düşüncələrini, fikirlərini bölüşür bizimlə:

“Uşağım olana qədər özümü sevirdim, özüm üçün yaşayırdım. Qızımı qucağıma alanda həyatım artıq onundur. Onun xətrinə yaşayacam. Uşağıma atası haqqında danışacam, azərbaycanlı olduğunu deyəcəm. Qızım nə zamansa, atasını görmək istəsə, qarışmayacam. Atasını ondan gizlətməyəcəm. Böyüyəndən sonra istəsə, Azərbaycana gələ də bilər. Onsuz gəlib onları görəndə mənim haqlı olacağımı görəcək”.

Tacikistan vətəndaşı Tabarova Mukarama Rizobekovna

Deyir, ikinci dəfə ailə qurmaq istəmirəm, mənə yaşatdıqlarına rəğmən hələ də onu sevirəm:

“Sevirəm, amma onu heç vaxt bağışlamayacam. Bir dəfə günahsız uşağımı itirməyimin səbəbkarı oldu. Artıq onunla bir yerdə yaşamaq istəmirəm. Vaxtı ilə mənə “Mən sənin və uşağımız  yaxşı yaşaması üçün  hər şey edəcəm” deyirdi. Amma indi deyir ki, “Mən səni və sənin uşağını həyatımdan çıxaracam. Siz mənə lazım deyilsiniz. Bu gün sən olmasan, sabah o biri olacaq”. 

Azərbaycandan xoş xatirə ilə ayrılmadığını, “Azərbaycan”, deyəndə gecələr uşağının acından ağlaması, çəkdiyi əzabları xatırlayacağını deyir qəhrəmanımız. Burada ona dəstək olanları da heç vaxt unutmayacağını bildirir. Mehriban xanımın sayəsində bütün qışı qızının və özünün isti sığınacaqda məskunlaşdığını minnətdarlıqla qeyd edir.

Bütün planları, xəyalları vətəni Tacikistanla bağlıdır Mukaramanın. Qəhrəmanım peşmanlıqla dolu həyatının orada düzənə düşəcəyinə inanır.

Foto İlkin Nəbiyev
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 11253
avatar

Nigar Adil

Oxşar yazılar