Qanın laxtalanma prosesinin tənzimləyən, ətdən geri qalmayan QARACİYƏRİN FAYDASI
20 iyul 2021 12:02 (UTC +04:00)

Qanın laxtalanma prosesinin tənzimləyən, ətdən geri qalmayan QARACİYƏRİN FAYDASI

Qaraciyər insanların sağlamlığı üçün faydalı qida növü hesab edilir. İdmançıların qida rasionunda və diyetik qidalanmada xüsusi çəkisi olan qaraciyərdən (heyvan, quş və balıq qaraciyəri) müxtəlif növ qida məhsullarının (konserv, paştet, kolbasa və s.) istehsalında da istifadə olunur.

AQTA-dan Lent.az verilən məlumata görə, qida əhəmiyyətinə görə qaraciyər insan sağlamlığı üçün vacib olan bir sıra bioloji aktiv maddələrin xəzinəsidir. Belə ki, cavan heyvanların qaraciyəri zülallar, yağlar, karbohidratlar, antioksidantlar, azotlu ekstraktiv maddələr, azotsuz ekstraktiv maddələr, əvəzolunmaz aminturşuları, vitaminlər, biotin, fermentlər, həmçinin makro- və mikroelementlərlə zəngin olub, enerji dəyəri 100-150 kkal/100 qr arasında dəyişir.

Qaraciyər zülalların miqdarına görə (17-18 %) ətdən geri qalmır. Xüsusilə onun tərkibində qan piqmentinin (hemoqlobin) sintezində fəal iştirak edən ferroproteidlər çox olduğundan anemiyalar zamanı istehlak edilməsi profilaktiki əhəmiyyət kəsb edir. Tərkibində yağların az, digər biokimyəvi komponentlərin isə optimal səviyyədə olması qaraciyərin insan orqanizmi tərəfindən asan mənimsənilməsini təmin edir. Qaraciyərin lipidləri doymuş və doymamış ali yağ turşularından ibarətdir və doymuş turşular nisbətən çoxluq təşkil edir. Həmçinin bu qida məhsulunun tərkibində digər lipid birləşmələrindən xolesterolun miqdarı da çoxdur.

Lipid birləşmələrinə daxil olan və onkoloji xəstəliklərin müalicəsində istifadə edilən qiymətli və təbii bioloji aktiv maddə - skvalen ilk dəfə balıqların qaraciyərindən əldə olunub. Digər heyvanların qaraciyərində də bu birləşməyə az miqdarda rast gəlinir.

Tərkibindəki çeşidli biokimyəvi maddələr kompleksi qaraciyərin qida növü kimi insan sağlamlığı üçün aşağıdakı faydalı bioloji xüsusiyyətlərə malik olmasını təmin edir:

- tərkibində B12 vitamini və dəmir tərkibli ferritin çox olduğundan qanda hemoqlobinin sintezini gücləndirməklə anemiyaların qarşısının alınmasına müsbət təsir göstərir;

- heparinlə zəngin olduğuna görə qanın laxtalanma prosesinin tənzimlənməsində, o cümlədən ateroskleroz, trombozlar və digər damar problemlərinin qarşısının alınmasında faydalıdır;

- tərkibində azot əsaslı kreatin çox olduğuna görə orqanizmdə metabolizm proseslərinin sürətlənməsinə və fiziki yorğunluğun aradan qaldırılmasına müsbət təsir edir;

- fol turşusu, C, D və A vitaminləri ilə zəngin olan qaraciyərin orqanizmdə immun sistemin möhkəmlənməsi, ana bətnində dölün normal inkişafı, osteoporozun profilaktikası və görmənin aktivləşməsində rolu böyükdür;

- tərkibindəki K vitamini  qanın laxtalanma prosesini stimullaşdırır, həm də sümük toxumasının formalaşması prosesində kalsiumun mənimsənilməsini yaxşılaşdırır;

- koenzim – Q ilə zəngin olduğuna görə orqanizmdə sərbəst radikalları neytrallaşdırır, E vitamininin antioksidant təsirini gücləndirir və hüceyrələrdə qocalma prosesinin qarşısını alır;

- azkalorili olmaqla yanaşı, malik olduğu mikroelement və vitamin kompleksi qaraciyərin diyetik qida növü kimi piylənmənin qarşısının alınması və artıq çəkinin azaldılmasında rolunu artırır.

Qeyd edək ki, tərkibində ekstraktiv maddələr və xolesterol çox olduğundan qaraciyərin yaşlı insanlar tərəfindən çox istehlakı tövsiyə olunmur.

Qaraciyərin baytarlıq-sanitariya ekspertizasına cəlb olunub, müvafiq termiki təsirə məruz qaldıqdan sonra istehlak edilməsi məsləhət görülür. Nəzərə almaq lazımdır ki, bir çox zoonoz xəstəliklər zamanı heyvanın qaraciyərinə nüfuz edən xəstəlik amilləri insan sağlamlığı üçün risklər yaradır. Odur ki, qida təhlükəsizliyi baxımından istehlak məqsədilə bu məhsulun müvafiq temperatur rejimində ( 0 ÷ +4° C temperaturda 1 gün, -1 ÷ +1° C temperaturda 3 gün, -18° C temperaturda 6 ay saxlana bilər) və mal qonşuluğu prinsipinə uyğun olaraq soyuducuda saxlanması tövsiyə edilir.

Qeyd etmək lazımdır ki, dondurulmuş qaraciyərin defrostasiyası (təkrar dondurulması) yolverilməzdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4482
avatar

Nigar Adil

Oxşar yazılar