Özəl, yoxsa ÖZBAŞINA  bağçalar? – “İlk müəllim travması”: Ekspert DANIŞIR
19 dekabr 2024 16:04 (UTC +04:00)

Özəl, yoxsa ÖZBAŞINA bağçalar? – “İlk müəllim travması”: Ekspert DANIŞIR

Bağça uşaqların qədəm qoyduğu ilk sosial ünvan, valideynlərin isə həssas yeridir. Çünki valideyn övladını günün bir neçə saatı ərzində uşaq bağçalarına etibar edir. Belə halda bağçalar elə bir səviyyədə olmalıdır ki, bu etibarlılığı daim qoruyub saxlaya bilsin. Lakin tez-tez bağçalarda, xüsusilə özəllərdə işçilərin öz vəzifələrini düzgün yerinə yetirmədikləri, uşaqlarla kobud davrandıqları ilə bağlı görüntülər yayılır. Doğrusu, bu da bağçalara olan inamı xeyli azaldır. 

Lent.az bu kontekstdən çıxış edərək özəl bağçaların hazırkı fəaliyyəti barədə təhsil eksperti Kamran Əsədovun fikirlərini öyrənib.

Onun sözlərinə görə, Azərbaycanda bağçaların, xüsusən də özəl olanların fəaliyyəti cəmiyyətin diqqət mərkəzindədir:

“Bağçalarda uşaqlara qarşı qeyri-peşəkar və kobud davranışlarla bağlı yayılan görüntülər və xəbərlər bir daha göstərir ki, bu sahədə həm hüquqi, həm də etik standartların möhkəmləndirilməsinə ciddi ehtiyac var. Bağçalar uşaqların həyatında ilk təhsil pilləsi olmaqla yanaşı, onların şəxsiyyət və sosial bacarıqlarının formalaşmasında mühüm rol oynayır. Buna görə də, bağçaların fəaliyyəti yalnız valideynlərin ümidlərinə uyğun olmamalı, həm də dövlət tərəfindən ciddi nəzarət mexanizmləri ilə tənzimlənməlidir”.

Ekspert bildirib ki, Azərbaycanda mövcud bağçaların, xüsusən özəl bağçaların sayı artır: 

“Bu, bir tərəfdən valideynlərə seçim imkanı yaratsa da, digər tərəfdən bağçaların fəaliyyətinin standartlara uyğun olub-olmaması ilə bağlı suallar doğurur. Ölkədə məktəbəqədər təhsil müəssisələrində uşaqların cəmi 30%-in iştirak etməsi bağçaların əlçatanlıq problemlərini və keyfiyyətlə bağlı narahatlıqları ortaya qoyur. Özəl bağçalar bu boşluğu doldurmaq potensialına malik olsa da, onların fəaliyyəti bir çox hallarda ciddi nəzarətdən kənar qalır”.

Kamran Əsədov özəl bağçaların fəaliyyəti üçün lazım olan əsas şərtlərdən danışıb: 

“İlk növbədə, bağçaların yüksək keyfiyyətli tədris proqramı təqdim etməsi vacibdir. Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş tədris proqramlarına əsaslanaraq, uşaqların yaş xüsusiyyətlərinə və məktəbəqədər təhsil tələblərinə uyğun tədris mühiti yaradılmalıdır. Bu proqramlarda uşaqların təkcə intellektual bacarıqları deyil, həm də sosial, emosional və fiziki inkişafı nəzərə alınmalıdır. Lakin bəzi özəl bağçalarda tədris proqramlarının standartlara uyğun olmaması müşahidə edilir. Bunun nəticəsində uşaqların məktəbəqədər təhsildən əldə etməli olduqları baza bilik və bacarıqları zəif qalır.

Peşəkar kadrların təminatı bağçaların fəaliyyətində ən vacib amillərdən biridir. Uşaqların həyatında ilk müəllim rolunu oynayan tərbiyəçilər xüsusi təlim keçmiş, peşəkar və uşaq psixologiyası sahəsində biliklərə malik olmalıdırlar. Lakin təcrübə göstərir ki, bəzi özəl bağçalarda bu meyarlara əməl edilmir. Tərbiyəçi və müəllimlər arasından peşəkar seçim edilməməsi, onların müvafiq təlimlərə cəlb olunmaması uşaqlarla düzgün davranışın təmin edilməməsinə səbəb olur. Məsələn, Avropada və Skandinaviya ölkələrində bağça tərbiyəçilərinin sertifikasiyadan keçməsi və müntəzəm təlimlərə qatılması məcburi tələblərdən biridir. Azərbaycanda isə bu sistem tam olaraq tətbiq olunmur və bunun nəticəsində qeyri-peşəkar yanaşmalar ortaya çıxır”.

O vurğulayıb ki, təhlükəsizlik və şəffaflıq bağça fəaliyyətində xüsusi diqqət yetirilməli məsələlərdir: 

“Azərbaycanda bağçalarda müşahidə kameralarının quraşdırılması və valideynlərə fəaliyyətlər barədə məlumat təqdim olunması çox vacibdir. Lakin bəzi hallarda bu tələblər ya yerinə yetirilmir, ya da formal olaraq tətbiq edilir. Uşaqlara qarşı qeyri-peşəkar və hətta bəzən zorakı davranış halları cəmiyyətin bu müəssisələrə olan inamını sarsıdır. Təhlükəsizlik standartlarının zəif olması, həmçinin bağça heyəti tərəfindən uşaqların davranışlarına lazımi nəzarətin edilməməsi valideynlər arasında ciddi narahatlıq yaradır. Müasir dünyada, məsələn, Kanada və Almaniyada bağçalarda təhlükəsizlik tədbirləri yüksək səviyyədə tətbiq edilir. Bağça daxilində hər bir uşağın fəaliyyəti izlənilir və valideynlərlə mütəmadi olaraq məlumat paylaşılır.

Özəl bağçaların fəaliyyətinin lisenziyalaşdırılması və mütəmadi olaraq yoxlanılması vacibdir. Azərbaycanda bağçaların dövlət tərəfindən verilən lisenziya ilə fəaliyyət göstərməsi qanuni tələb olsa da, bəzi hallarda bu prosesin zəif tətbiqi qeyri-qanuni fəaliyyətlərin qarşısını ala bilmir. Lisenziyalaşdırma ilə yanaşı, bağçaların mütəmadi yoxlanılması da önəmlidir. Dövlət qurumları bağçalarda uşaq sayı, kadr çatışmazlığı, tədris proqramları və təhlükəsizlik tədbirləri ilə bağlı tələblərin yerinə yetirilməsini yoxlamalıdır. Lakin bəzi hallarda bu yoxlamaların ya formal xarakter daşıması, ya da ümumiyyətlə, həyata keçirilməməsi neqativ hallara səbəb olur”.

Dünya təcrübəsinə nəzər yetirən ekspert inkişaf etmiş ölkələrdə bağçaların fəaliyyətinin ciddi standartlarla tənzimləndiyini söyləyib: 

“Məsələn, Finlandiyada bağçaların fəaliyyətində valideynlərlə sıx əməkdaşlıq əsas götürülür və valideynlər tərbiyə prosesinə cəlb edilir. ABŞ-da isə bağçalarda uşaqların qidalanması, sağlamlığı və təhlükəsizliyi ilə bağlı xüsusi qaydalar tətbiq edilir. Bu ölkələrdə bağçaların maliyyələşdirilməsi yalnız valideyn ödənişləri ilə məhdudlaşmır, dövlət də bu sahəyə ciddi dəstək verir. Azərbaycanda isə özəl bağçaların böyük əksəriyyəti kommersiya maraqlarına əsaslanır və bu, keyfiyyətin təmin olunmasına maneə yaradır.

Azərbaycanda özəl bağçaların fəaliyyətini təkmilləşdirmək üçün bir sıra addımlar atılmalıdır. İlk növbədə, bağçalarda kadr hazırlığına diqqət yetirilməli, tərbiyəçilərin mütəmadi təlimlərə cəlb edilməsi təmin edilməlidir. Təhlükəsizlik tədbirləri gücləndirilməli, müşahidə kameralarının istifadəsi məcburi hala gətirilməlidir. Lisenziyalaşdırma və nəzarət mexanizmləri təkmilləşdirilməli, bağçaların fəaliyyətinə dair şəffaf hesabatlar təqdim olunmalıdır. Valideynlərin bağça seçimi zamanı daha məlumatlı olmaları üçün məlumatlandırma kampaniyaları təşkil edilməli və bağçaların fəaliyyət göstəriciləri ictimaiyyətə açıq olmalıdır”.

“Ümumilikdə, Azərbaycanda özəl bağçaların fəaliyyəti valideynlərin gözləntilərini qarşılayacaq səviyyədə deyil və ciddi islahatlara ehtiyac duyulur. Uşaqların təlim-tərbiyəsi və təhlükəsizliyi hər şeydən üstün tutulmalı, bağçalar bu prinsiplər əsasında fəaliyyət göstərməlidir. Yalnız bu halda məktəbəqədər təhsil sistemi cəmiyyətin etimadını qazana və gələcək nəsillərin sağlam inkişafına töhfə verə bilər”, - deyə o əlavə edib.

Qeyd edək ki, özəl bağçaların sayı son illərdə artıb. Azərbaycanda təxminən 200-dən çox özəl bağça fəaliyyət göstərir.

Xatırladaq ki, 2018-ci ildə Yasamal rayonunda yerləşən “Kids Studio Uşaq Mərkəzi”nin bağçasında, 2022-ci ildə İsmayıllı şəhəri 1 saylı körpələr evi, bu il isə həm Sabunçu rayonunda yerləşən 310 nömrəli bağçada, həm də 290 nömrəli uşaq bağçasında tərbiyəçi-müəllim tərəfindən uşağa qarşı uyğunsuz davranış və fiziki təzyiq halları baş verib. 

Bu siyahını daha da uzatmaq olar. Bəzən araşdırmalar nəticəsiz qalır, hərdən də ev dustaqlığı, filan yüngül cəza ilə uşaqlara “ilk müəllim travması” yaşadan müəssisələrin rəhbərləri özlərini düşdükləri pis vəziyyətdən çıxarda bilirlər. Ümid edirik ki, Azərbaycanda özəl bağçalarda bir daha qalmaqal yaşanmaz. Çünki, bu günün travma alan körpələri sabah cəmiyyətin ən böyük probleminə çevrilə bilərlər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4674
avatar

Ləman Sərraf

Oxşar yazılar